Moskvadan Ermənistana təşviş dolu məktub


Digərləri 17 Mar 2019 20:25:00 176 0

Moskvadan Ermənistana təşviş dolu məktub

Moskvanın "Dialoq" təşkilatının sədri Yuri Navoyan Ermənistan hökumətinə açıq məktub göndərərək Konstantin Zatulinin qurduğu "Lazarev klubu"nun gələcək hədəfləri haqda narahatlıq ifadə edib.

Navoyan öz məktubunda özəlliklə baş nazir Nikol Paşinyana, prezident Armen Sərkisyana, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana və MM spikeri Ararat Mirzəyana müraciət edib: "Siz bilirsinizmi ki, Zatulin Ermənistanda devrilmiş güclərin birləşməsinə və qisas almasına yardım etməyə can atır?"

Son.az strateq.az-a istinadən bildirir ki, Navoyan aydınca vurğulayır ki, klub Koçaryanyönlü istiqamətə malikdir. Bu o mənada sirr deyil ki, Koçaryanın özü azadlıqda olduğu vaxt klubun toplantılarından birində nitqlə çıxış edib. Və mübahisəli fəaliyyəti olan bu klubun son yığıncağında Qarabağa bitişik ərazilərin Azərbaycana verilməsi yoluyla Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırış olub.

Yeri gəlmişkən, Navoyan habelə ortalığa çıxardır ki, klubun gizli imzaçılarından biri ERP-nin vitse-prezidenti Vigen Sərkisyandır.

Siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Bədəlyanın fikrincə, bu klubun fəaliyyəti Ermənistanın daxili-siyasi həyatına, çətin ki, hər hansı təsir göstərər. O, 1-in.am-la söhbətdə deyib: "Bu, yalnız bizim daxili-siyasi proseslərimiz haqqında Rusiyanın bəzi ekspert çevrələrinin rəyini formalaşdıra bilər. Amma özəlliklə Ermənistan hökuməti adekvat islahatlar aparsa, daxili-siyasi proseslərə ciddi təsir göstərməz".

Bədəlyan vurğulayıb: "Nəhayət, anlamalıyıq ki, Ermənistanın taleyi Ermənistan vətəndaşlarının, hökumətyönlü və müxalif güclərin və müxtəlif QHT-lərin əlindədir. Aydındır ki, bu klub qurulub və keçmiş hakimiyyətin bəzi seqmentləri onda öz rolunu oynayır. Amma bu, Ermənistanın daxili-siyasi həyatına mənfi təsir edən klub deyil. Hökumət və müxalifət günün adekvat gündəliyini və ya islahatlar proqramı təqdim etməsə, Ermənistanın siyasi həyatı ziyan görəcək. Düşünürəm ki, gerçək təhlükə bundadır".