Imam Muhəmməd Baqirin həyatina qisa bir baxiş


Digərləri 17 Mar 2019 19:20:00 275 0

Imam Muhəmməd Baqirin həyatina qisa bir baxiş

Beşinci imam "Baqir" ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o həzrətdən belə nəql edir: "Cəddim Hüseynin (ə) şəhadəti zamanı mən dörd yaşında idim və o həzrətin necə şəhid edildiyini və başımıza gələnlərin hamısını xatırlayıram." ("Tarixi-Yəqubi", c. 2, s. 320.)

Son.az maide.az-a istinadən bildirir ki, atası imam Zeynəlabidinin (ə) şəhadəti zamanı imam Baqirin (ə) 37-38 yaşı var idi. Anası isə imam Həsənin (ə) qızı Ümmü-Əbdüllahdır. Buna görə də, imam Baqir (ə) həm ata, həm də ana tərəfdən imam Əli (ə) və xanım Zəhraya (s) çatan ilk şəxsdir. İmam Baqir (ə) 114-cü hicri-qəməri ilində İbrahim ibn Vəlid ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə yetmiş və "Bəqi" qəbiristanlığında atası imam Zeynəlabidin (ə) və babası imam Həsənin (ə) qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü on doqquz və ya iyirmi il olmuşdur.

O həzrət "elmi yaran" və "elmin dərinliyinə varan" mənasını verən "Baqir" ləqəbi ilə məşhurdur. Bu ləqəbin izahında Cabir ibn Yezid Cöfi belə demişdir: "O həzrət elmin incəliklərinə toxunaraq onun sirr və incəliklərinə aydınlıq gətirirdi."

Yəqubi yazır: "Elmin dərinliyinə vardığından o həzrəti "Baqir" adlandırmışlar."

İbn Mənzur yazır: "Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli (ə) elmi yardığı, onun əsaslarını bildiyi və onun kökünü budaqlarından ayırmaq qabiliyyətinə sahib olduğu üçün "Baqir" adlandırılmışdır. ("Lisanul-ərəb", "Baqir" sözünün izahında.)

Cabir ibn Abdullah Ənsari deyir: "Bir gün Rəsulullah (s) mənə buyurdu: Sən məndən sonra bir müddət yaşayacaq, adı mənim addımla eyni və mənə çox bənzəyən övladımı ziyarət edəcəksən. Onu gördükdə, salamımı çatdır və bu sifarişimi mütləq yerinə yetir!" Cabir ömrünün sonlarında ölümünün yaxınlaşdığını gördükdə, dayanmadan: "Ey Baqir! Ey Baqir! Haradasan?" - deyirdi. Bir gün o həzrəti görüb özünü ona çatdırdı və Həzrətin üz-gözündən öpərək "atası Rəsulullaha (s) bənzəyənə atam-anam fəda olsun, Rəsulullah (s) sənə salam göndərmişdir!" - deyirdi. ("Biharul-ənvar", Əllamə Məclisi, c. 46, s. 294.)

Bu rəvayətin Rəsulullahdan (s) nəql edilməsi o həzrətin bu ləqəblə məşhurlaşmasına səbəb oldu.