"Qulaqdibi"nin təhlükəli fəsadları var Pediatr açıqlayır


Digərləri 16 Mar 2019 22:55:00 230 0

"Qulaqdibi"nin təhlükəli fəsadları var  Pediatr açıqlayır

Uşaqlar arasında rastlanan infeksion xəstəliklərdən biri də qulaqdibidir. Bununla bağlı əksəriyyəti narahat edən məqam xəstəliyin sonsuzluğa səbəb olmasıdır. Həqiqətənmi qulaqdibi keçirən hər uşaq gələcəkdə sonsuz ola bilər? Ümumiyyətlə, xəstəliyin əlamətləri, ağırlaşmaları hansılardır? Müalicəsi və qorunma yolu nədir?

Son.az e-tibb.az-a istinadən bildirir ki, pediatr Vaqif Qarayev deyir ki, el arasında "qulaqdibi", "svinka" kimi tanınan epidemik parotit virus vasitəsi ilə yayılan kəskin infeksiyalı xəstəlikdir. Adından da göründüyü kimi, qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzilərinin şişməsi nəticəsində yaranan virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Yəni bu inkubasiya dövründə xəstəliyin hər hansı əlaməti görünməsə də, uşaq artıq yoluxmuş olur. Xəstəliyə oğlanlarda qızlara nisbətən daha tez-tez rast gəlinir: "Parotit infeksion xəstəlik olaraq hava-damcı yolu ilə bir uşaqdan başqasına keçir. Əsas əlamətləri qulaq ətrafı nahiyədə şişlik, halsızlıq və hərarət, udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzilərində ağrıdır. Hərarət çox olmasa da, 38 dərəcəyə qədər yüksəlir. Əksər hallarda hər iki tərəfdə qulaq ətrafı vəzilər böyüyür. Şiş bərk və ağrılı olur. Yemək yeyəndə, çənəni hərəkət etdirəndə, əl vuranda belə, ağrı verir. Bir neçə gündən sonra bu əlamətlər çəkilir. İlk yardım olaraq xəstədə hərarəti salmaq lazımdır. Şişmiş hissəyə quru, isti kompres qoyulmalıdır. Məsələn, duz qızdırıb qoymaq olar. Bəzən kamfra yağı ilə kompres edirlər, amma olmaz. Bunun nəinki xeyri yoxdur, hətta şişi də artıra bilər. Yaxşı olar ki, xəstə yataq şəraitində olsun".

V.Qarayevin sözlərinə görə, xəstəliyin törədicisi daha çox vəzili orqanları - ağız suyu vəzilərini, qulaq ətrafı vəzilər, mədəaltı vəzi, mərkəzi sinir sistemini, oğlanlarda xayaları, qızlarda yumurtalığı zədələyir: "Parotit özlüyündə təhlükəli xəstəlik deyil. Onun spesifik müalicəsi yoxdur. Müalicə adətən ev şəraitində simptomatik və dəstəkləyici terapiya ilə aparılır. Amma ağırlaşmaları çox təhlükəlidir. Virus mədəaltı vəzi zədələyib, kəskin pankreatitin inkişafına gətirib çıxara bilir. Bu zaman qarında çox güclü ağrılar, davamlı qusma olur, hərarət daha da güclənir. Ağırlaşma zamanı oğlanlarda orxitə - xayaların iltihabına da səbəb olur. Qızlarda ooforit, yəni yumurtalıqların iltihabı ola bilir. Gələcəkdə bu qızların və oğlanların sonsuz olma riski var. Parotitin ən ciddi fəsadı isə ensefalitdir. Virus beyni zədələyə, beyin qişasının, beyin toxumasının iltihabı baş verə bilər ki, bunun da nəticələri çox ağırdır. Bu mənada qulaqdibi çox təhlükəlidir. Xəstəliyin bu cür ağırlaşmaları olmaması üçün də ilk gündən həkimə müraciət etmək lazımdır. Xəstə sağalana qədər həkim nəzarətində olmalıdır. Uşaqda hərarətin çox yüksəlməsi, qarında davamlı ağrılar, qızlarda qarının aşağı nahiyəsində ağrılar, qusma ilə müşayiət olunan baş ağrıları varsa, mütləq həkimə müraciət edilməlidir. Bunlar ağırlaşmanın əlamətləridir. Tibbi müdaxilə olmadan bu ağırlaşmalar keçməz və müalicə də xəstəxana şəraitində aparılmalıdır".