Borc dəryasının “balıqları”: modellər niyə


Digərləri 16 Mar 2019 19:54:00 324 0

Borc dəryasının “balıqları”: modellər niyə

Nyu-Yorkda, Londonda, Milanda və ya Parisdə moda həftəsi keçiriləndə yüzlərlə model qazanc dalınca bu şəhərlərə axışır.

Amma çoxu heç bir qəpik də qazana bilməyib əliboş geri dönür.

Anna (ad dəyişdirilib) 17 yaşından model işləyir. Məhşur podiumlarda Prada, Mulberry, Comme des Garcons və digər dünya brendlərinin paltarlarını nümayiş etdirib.

O, artıq üç ildir ki, bu işlə məşğuldur, amma hələ də agentliklərə olan 10 min avroluq borcunu ödəyə bilməyib: "Modelliyə başlayandan borcun içindəyəm".

Moda həftəsindən dönən modellərin bir çoxu qonorarlarını borc ödəməyə sərf edirlər

Annanın müqavilə bağladığı ilk agentlik sınaq çəkilişləri üçün xərclədiyi 790 manatı onun şəxsi hesabına borc kimi qeyd edib.

Sonra kastinq üçün Annanı Londona aparıblar. Bu səfərin yol və qonaqlama xərclərini də hesabına borc olaraq yazıblar. Annanın borcları artmağa başlayıb.

O, nə üçün belə çox borcu olmasının səbəbini belə izah edir: "Məndən sürücü istəyib-istəmədiyimi soruşurdular, amma izah etmirdilər ki, bu, çox bahalı xidmətdir və pulunu özüm ödəməli olacağam".

Əslində bütün model agentlikləri müştərilərinin səfər xərclərini ödəyir və sonra da həmin məbləği geri istəyirlər.

Məsələn, əgər hər hansı model Londondakı moda həftəsinə gedib orda heç bir iş tapmadan geri dönürsə, yol və qonaqlama xərclərini agentliyə ödəmək məcburiyyətindədir.

Anna bu problemlə ilk dəfə 18 yaşında - Nyu-York moda həftəsi çərçivəsindəki kastinqdə iştirak etmək üçün getdiyi Amerika səfərində qarşılaşıb. Ora çatan kimi xəstələnən və buna görə seçimlərin heç birinə qatıla bilməyən Annaya sonrakı işlərinə görə demək olar ki, qonorar verməyiblər - Parisdəki, Londondakı və Nyu-Yorkdakı agentliklər onun qonorarlarını borca siliblər.

Rusiyalı Yekaterina Ojiqanova hesab edir ki, dünyanın ən riskli peşəsində özünə karyera qurmaq istəyən qızların gizli borc problemini həll etmək lazımdır.

Yekaterina Ojiqanova deyir ki, modellər bir-birilərilə qonorar mövzusunu müzakirə etməyi xoşlamırlar

Ojiqanova Parisdə işləyir. O, modellərin hüquqlarını müdafiə edən qeyri-kommersiya xarakterli "Model Law" assosiasiyasını yaradıb və bu, Fransada ilk belə təcrübədir.

O, məqsədini belə izah edir: "Əvvəllər qadağan edilmiş mövzu seksual zorakılıq idi. Amma bu gün seksual istismar barədə az qala hər tində danışılır. Qonorar barədə isə heç kim danışmaq istəmir. Hamı susur".

Model biznesində uğurun əsas göstəricisi yüksək qonorardır, ona görə də qızlar öz aralarında pul söhbətini nadir hallarda müzakirə edirlər.

"Model Law" maliyyə məsələlərini nizama salmaqda onlara kömək edir.

Yekaterina deyir ki, "Əsas problem informasiya qıtlığıdır, modellər onlara nə qədər qonorar verilməli olduğunu bilmirlər".

Bu, daha çox üçüncü dünya ölkələri vətəndaşlarına aiddir, onlara qarşı daha çox haqsızlıq edilir. Hərçənd borc problemi yaşayan modellər arasında Qərbi Avropa və ABŞ vətəndaşları da var.