Qida, yoxsa zəhər, genetik silah?


Digərləri 16 Mar 2019 19:15:00 270 0

Qida, yoxsa zəhər, genetik silah?

Mütəxəssislər deyir ki, bir neçə dəfə istifadə edilmiş yağda bişirilən bütün yeməklər sağlamlıq üçün çox təhlükəlidir

Son.az kaspi.az-a istinadən bildirir ki, Fridrix Şiller adına Yen Universitetinin alimləri pis qidalanma səbəbi ilə yüksək ölüm göstəriciləri olan ölkələrin siyahısını tərtib edib. Keçmiş SSRİ ölkələri bu siyahda ilk onluqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sifarişi ilə keçirilmiş sorğuda Avropa regionu üzrə 51 ölkənin 1990-cı ildən 2016-cı ilədək olan məlumatları təhlil olunub. Siyahıda ilk yerdə Özbəkistandır, burada pis qidalanma səbəbi ilə hər 100 min nəfərə 394 ölüm hadisəsi düşür. Ölkədə hər il 65 min insan ürək-damar və qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklər səbəbi ilə ölür. Qeyri-sağlam qidalanma səbəbi ilə ölüm hallarının ən yüksək olduğu ölkələrin ilk onluğunda keçmiş SSRİ ölkələridir.

Özbəkistan - hər 100 minə 394 ölüm halı Türkmənistan - 376 Qırğızıstan - 350 Ukrayna - 349 Moldova - 328 Azərbaycan - 319 Belarus - 313 Tacikistan - 310 Qazaxıstan - 306 Rusiya - 291

Alimlər bu ölkələrin sakinlərinin qidada yüksək miqdarda duz istifadə etməsi və tərəvəz, qoz-fındıq və tam buğdalı taxıldan az yararlanma səbəbindən xəstəliklərə məruz qaldığını iddia edirlər. Qərbi Avropa ölkələrində vəziyyət Asiya və Şərqi Avropa ölkələrində olduğundan daha yaxşıdır. Almaniya bu bölgədə, 2016-cı ildə 100 mindən çox insanın pis qida rasionu səbəbi ilə öldüyü yeganə ölkədir. Alimlərin gəldiyi nəticələrə görə, İspaniya, İsrail və Fransa sakinləri ən sağlam qidalananlardır. Bu ölkələrdə qeyri-sağlam qidalanma səbəbi ilə hər 100 mindən 43-46 nəfər ölüb. Alimlər iddia edirlər ki,  balanslaşdırılmış pəhrizlə hər beşinci erkən ölüm halının qarşısını almaq olar. Onların məlumatına görə, 2016-cı ildə regionda 2 milyondan çox insan yüksək miqdarda duzun olması və tərəvəzlərin kifayət qədər istifadə edilməməyi səbəbi ilə ölüb. Mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrəndik.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Afət Həsənova bildirdi ki, zaman azlığından gündəlik həyatımızda praktik istehlak etdiyimiz və qidalanma tərzinə çevirdiyimiz "fast food" məhsulları getdikcə özünə daha çox istehlakçı toplayır: "Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların faydalılığı müzakirə mövzusudur. "Fast food" qısa zaman ərzində hazırlanıb servis edilən, ayaqüstü yeyilə bilən qidalardır. Tez bir zamanda hazırlanan qidalar istehlak olunduğu təqdirdə, bir günlük kalori ehtiyacını bir dəfəyə ödəyə bilir. "Fast food" adlandırdığımız qidalara hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit aiddir. Siyahıda olan "fast food"ların sayını artırmaq da mümkündür".

Afət Həsənovanın sözlərinə görə, "fast food"un qida dəyəri göstəricilərinin aşağı olması sağlamlığı təhdid edir: "Yuxarıda sadalanan məqamları nəzərə alaraq, vitaminlər və minerallar baxımından qida dəyəri aşağı olan "fast food" məhsulları immun sistemini zəiflədir. Həmçinin, müxtəlif ictimai iaşə obyektlərində (kafe və restoranlarda) dərin yağda 10-12 saat boyunca kartofların qızardılması səbəbindən, yağın tərkibi dəyişir və turşuluğu artır. Belə yağların istifadəsi piylənməyə səbəb olur. Bundan başqa, belə qidaların tərkibində yüksək miqdarda sodium və duz var. Bir çox hazır qidalarda, çipslərdə, hamburgerlerin tərkibində istifadə edilən qida əlavəsi Monosodyum Glutamat-dır (MSG E621). Bu qida əlavəsi ləzzətartırıcıdır və hər növ yeməyin dadını yaxşılaşdıra bildiyinə görə, daha çox tətbiq olunur. Bu qidaların daimi olaraq istehlakı piylənmə və baş ağrılarının yaranmasına səbəb ola bilir".