Yolu azaraq erməni tərəfə keçən Qazax sakini ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi


Siyasət 16 Mar 2019 14:54:00 219 0

Yolu azaraq erməni tərəfə keçən Qazax sakini ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası erməni tərəfə keçən Qazax sakini ilə bağlı məlumat yayıb.

Komissiyadan Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari ilin mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildirıblər.

Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.