İlahiyyat İnstitutunda “BMT-nin Könüllülər Proqramı” təqdim olunub


Digərləri 15 Mar 2019 20:17:42 208 0

İlahiyyat İnstitutunda “BMT-nin Könüllülər Proqramı” təqdim olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) BMT-nin Azərbaycan üzrə könüllülər proqramının təmsilçisi Kiyoun Kimin “BMT-nin Könüllülər Proqramı” mövzusunda təqdimatı keçirilib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) BMT-nin Azərbaycan üzrə könüllülər proqramının təmsilçisi Kiyoun Kimin “BMT-nin Könüllülər Proqramı” mövzusunda təqdimatı keçirilib. İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə İnstitutda ardıcıl seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil olunduğunu vurğulayıb. Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən İ.Əlimuradov gənclərin məqsədlərini müəyyən etmək, hədəflərinə çatmaq, özlərini daim inkişaf etdirmək üçün belə tədbirlərin keçirilməsinin zəruriliyini bildirib. Təqdimatda BMT-nin Azərbaycan üzrə könüllülər proqramının təmsilçisi Kiyoun Kim “BMT-nin Könüllülər Proqramı” mövzusunda məruzə ilə çıxış edib. Kiyoun Kim könüllülük fəaliyyəti və onun məqsədləri haqqında ətraflı məlumat verib. O bildirib ki, hər il minlərlə könüllünü səfərbər etməklə yanaşı, “BMT-nin Könüllülər Proqramı” könüllülərin işini təşviq edir, könüllülüyü inkişaf proqramının tərkib hissəsinə çevirmək üçün tərəfdaşlarla çalışır, sülh və inkişafa öz töhfəsini verir.