Ekspert: Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq aləmə verdiyi böyük töhfə kimi qiymətləndirilir


Digərləri 15 Mar 2019 19:32:23 227 0

Ekspert: Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq aləmə verdiyi böyük töhfə kimi qiymətləndirilir

Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq aləmə verdiyi böyük töhfə kimi qiymətləndirilir.

Bakı. Samir Əli - Azərbaycan paytaxtında növbəti – VII Qlobal Bakı Forumunun keçirilməsi ilk növbədə ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin göstəricisidir. Bunu Trend-ə açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunu şərh edərkən deyib. Onun sözlərinə görə, artıq ənənə halını almış forumda 55 ölkədən 500-dən artıq nümayəndənin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı da bu reallığı kifayət qədər sübuta yetirir: "Dünyanın xarici siyasətində yeniliklər baş verir və cərəyan edən hadisələrin müzakirəsi üçün Qlobal Bakı Forumunun müstəsna rolu var. Həqiqətən də bu gün belə irimiqyaslı tədbirlərin keçirilməsinə ehtiyac var. Əlbəttə, məhz Azərbaycanın dünyanın siyasi arenasındakı yeri və rolunu nəzərə alsaq, bu forum ölkəmizin beynəlxalq aləmə verdiyi böyük töhfə kimi qiymətləndirilir. Bu gün Azərbaycanda olan sabitlik və təhlükəsizlik dünya ölkələri tərəfindən qəbul edilir və dövlətimizin bu istiqamətdəki siyasi modeli nümunə kimi təqdim olunur. Dünyanın aparıcı intellektual şəxsləri bu gün Bakıdakı müzakirələrə qatılır, qarşıda dayanan vəzifələrin, görüləcək işlərin ətrafında zəngin təcrübələrini bölüşür, proqnozlarını irəli sürürlər. Bu gerçəklik isə eyni zamanda sübut edir ki, hər kəs Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”. Siyasi ekspert xatırladıb ki, dövlətimizin başçısı daim öz nitqində Azərbaycanın xarici siyasətinin milli maraqlara xidmət etdiyini vurğulayır: "Bu o deməkdir ki, dövlətimiz bütün hallarda bu amili prioritet olaraq götürür. Bu, çox mühüm bir mesajdır və cənab İlham Əliyevin də qeyd etdiyi kimi, həmin faktor proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara, tərəfdaşlığa, qarşılıqlı əməkdaşlığa əsaslanan, regionda sabitliyə yönələn siyasətdir. Müstəqil və milli maraqlara söykənən xarici siyasət çərçivəsində tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsi, yeni münasibətlərin qurulması həm də o deməkdir ki, Azərbaycanla əməkdaşlıq, tərəfdaşlıq edən dövlətlər bizim bu siyasətimizi qəbul edir və dəstəkləyirlər. Belə ki, istər enerji təhlükəsizliyi, istər investisiyaların qoyuluşu, istər nəqliyyat, istərsə də ticarət və s. kimi sahələrdə ölkəmizin yürütdüyü siyasətə, maraqlarına hörmətlə yanaşılır”.