Bu gündən ali məktəblərə və kolleclərə sənəd qəbuluna başlanılıb


Digərləri 15 Mar 2019 11:50:26 196 0

Bu gündən ali məktəblərə və kolleclərə sənəd qəbuluna başlanılıb

Bu gündən 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlanılıb.

Bakı. İlhamə İsabalayeva - Bu gündən 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlanılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu aprelin 15-dək internet vasitəsilə aparılacaq. Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir və imtahanının ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilir. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər. Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak etmək istədi­yi­ni qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2019-cu il mayın 30-dan iyunun 12-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupunu seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istə­diklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər. Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər. Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.