Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı


Digərləri 15 Mar 2019 11:37:00 201 0

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib.

Bankdan Son.az-a verilən məlumata görə, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minir.

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edərək hədəf diapozonunun aşağısında qərarlaşmışdır.

Mərkəzi Bankın həyata keçirdiyi siyasətin əsas prioriteti iqtisadi aktivliyin yüksəlməsi şəraitində inflyasiyanın hədəf çərçivəsində formalaşmasını təmin etməkdən ibarətdir. 2018-ci ilin əvvəlindən bəri əhəmiyyətli yumşalmaya baxmayaraq real faiz dərəcələrinin pozitiv zonada qalması inflyasiyanın daxili və xarici risklərini neytrallaşdırmağa xidmət edir. Yenilənmiş proqnozlara görə də 2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağı gözlənilir.

İnflyasiya prosesləri. Cari ilin yanvar-fevral aylarında (fevral ötən ilin dekabrına nəzərən) inflyasiya 0.8% təşkil etmişdir. O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artmış, xidmətlər üzrə isə 0.6% aşağı düşmüşdür. Ərzaq qiymətləri başlıca olaraq mövsümi amillərdən təsirlənmişdir. Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməmiş, 16%-nin qiyməti aşağı düşmüşdür. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olmuşdur.

2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olmuşdur ki, bu da hədəf diapozonunun aşağı həddinə yaxındır. Orta illik inflyasiya isə yanvar-fevral aylarında 1.9% təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə (4.7%) müqayisədə 2.8 faiz bəndi azdır.

İnflyasiya gözləntiləri. İdarə Heyətinin pul siyasətinə dair sonuncu toplantısından keçən dövr ərzində biznes sektorunun inflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik olmamışdır. Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən son 2 ayda qiymət gözləntiləri ticarətdə, qeyri-neft emal sənayesində və tikintidə azalmış, xidmət sektorunda isə artmışdır. Ev təsərrüfatları arasında inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payında artım qeydə alınmamışdır.

Xarici şərait. Xarici mühit əlverişli olaraq qalır. İlkin məlumatlara görə yanvar-fevral aylarında xarici ticarət balansında 986.3 mln. dollar məbləğində müsbət saldo yaranmışdır. İxrac 42.6%, o cümlədən qeyri-neft ixracı 16.4% artmışdır.

Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olmuşdur. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 ABŞ dolları təşkil etmişdir. Neftin qiyməti ilin əvvəlindən 26% (14 ABŞ dolları) artmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3.4% yüksəlsə də ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% aşağıdır.

Ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiya səviyyəsi son aylar sabit qalmış, bu ölkələrin valyuta məzənnələrində kəskin tərəddüdlər baş verməmişdir.

İlin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4.1% artaraq 46.6 mlrd. ABŞ dollarına çatmışdır. Bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir.

İqtisadi aktivlik. 2019-cu ilin əvvəlində iqtisadi artım tempinin yüksəlməsi müşahidə edilməkdədir. 2019-cu ilin yanvar ayında ötən ilin müvafiq dövrünə nəzərən iqtisadi artım 2.9% təşkil etmişdir. İqtisadi artım qeyri-neft sektorunda 2.7% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 12.9%, kənd təsərrüfatında 2.4% artım müşahidə olunmuşdur.