Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı


Digərləri 15 Mar 2019 11:00:00 255 0

Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı

Səhiyyə Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşının işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib. 

Son.az xəbər verir ki, qurumdan oxu.az-a verilən açıqlamada bildirilib ki, onlar işdən müğənni Afət Fərmanqızının mahnısını ifa etdiyi üçün çıxarılmayıblar. 

"Bu hadisə Şəki Mərkəzi Rayon Xəstəxanasında baş həkimlə işçilər arasında yaşanan məsələdir. Əgər işçilər hüquqlarının pozulduğunu düşünürsə, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər".

Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Əmirov da yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Baş həkim saytımıza açıqlamasında işçilərin ayın 6-da öz ərizələri ilə işdən ayrıldıqlarını deyib:

"Onlar ayın 5-i bu videonu iş saatında cərrahi blokda çəkiblər. Videogörüntüləri özünüz də izləmisiniz. Tibb işçilərinə yaraşan hərəkət deyil. Onları heç kim təhqir etməyib, heç kim təzyiq göstərməyib. Onlar həkim deyil, iki tibb bacısı, üç xadimə olub.

Onları otağa çağırıb məsələyə aydınlıq gətirmələrini istəmişəm. Bildirdim ki, iş saatlarında bu kimi davranışa yol vermək olmaz. Onlar da özləri ərizə yazıb işdən çıxdılar. İndi efirlərə yazırlar, hərəkətlərindən peşman olublar. Bu, sadəcə, məlum hadisəyə ictimai qınaqdır".