Yeni kitab: Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır


Digərləri 14 Mar 2019 21:04:00 201 0

Yeni kitab: Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır

Tarix keçmişi, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür. Keçmişi bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür.

Bakı. Tarix keçmişi, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür. Keçmişi bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərdiş etməliyik. Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxmış “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında yer alıb. Xanlıqlar dövrünün siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində mühüm elmi addım Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Akademik xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Nəticədə müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfədir ki, xanlıqlar dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə dəyərləndirilir. Müəllif tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır. Xanlıqlar dönəmini Azərbaycan üçün aktuallaşdıran başqa bir amil isə xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucbatından ikiyə bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal olunması, Qacarların bütün cəhdlərə baxmayaraq, onları geri qaytara bilməməsi, nəhayət, imzalanan Gülüstan və Türkmənçay müqavilələri indiyədək mövcud olan reallığın mühüm tarixi səbəbləridir. Bütün hallarda tarix olduğu kimi yazılmalıdır və bu, tarixçilərin əsas missiyasıdır. “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı bu baxımdan tarixşünaslığımıza çox dəyərli töhfədir və öz mötəbərliyi ilə ilk baxışda diqqəti çəkir. 22 sənəd və ya tarixçilər üçün yol xəritəsi Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları özündə tarixi həqiqətləri əks etdirir. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir. Təqdim edilən sənədlər müvafiq şərh və izahlarla müşayiət olunur.