Azərbaycanda 10 milyonluq narkotik tutuldu


Kriminal 14 Mar 2019 20:34:00 185 0

Azərbaycanda 10 milyonluq narkotik tutuldu

Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısını alıblar.

Son.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına gedən yük nəqliyyat vasitəsi nəzarətə götürülüb.

Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi İran İslam Respublikasının Astara şəhərindəki "Pardis Ceram Pajh CO" şirkətindən Ukrayna Respublikasının Kiyev şəhərindəki "Architectuar Decor" şirkətinə "qarışıq" yük apararkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb.

Yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı, "Jack" ləqəbli həmin xidməti it nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərlə reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Bu zaman avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi təkrar yoxlanılıb.

Nəqliyyat vasitəsinin qoşqusunda 2 ədəd paletdə olan 144 ədəd karton qutudakı plastik tərkibli, düzbucaqlı formalı müxtəlif ölçülərdə lövhəciklər yükü boşaldılıb və bütün qutular rentgen qurğusundan keçirilib. Bu zaman 12 ədəd qutuda yenidən şübhəli cizgilər müşahidə edilib.

Həmin 12 ədəd qutuya baxış zamanı isə qutuların içərisindəki lövhəciklərin tərkibinin plastik materialdan fərqli, yəni tərkibində metamfetamin adlı psixotrop maddə olduğu müəyyən edilib.