Avropa Parlamentindən ermənilərin “konyak diplomatiyası"na zərbə


Siyasət 14 Mar 2019 19:14:00 263 0

Avropa Parlamentindən ermənilərin “konyak diplomatiyası"na zərbə

"Avropa Parlamentinin axırıncı iki qətnaməsinin Ermənistanın Baş nazirinin Brüsselə səfərindən bir həftə sonra qəbul edilməsi "konyak diplomatiyası"na havadarlıq edənlərə ciddi mesajdır".

Bu barədə Son.az-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev bildirib.

Millət vəkili qeyd edib ki, Avropa Parlamenti qəbul etdiyi qətnamələri ilə Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edib: "Martın 13-də Avropa Parlamenti keçirdiyi plenar iclasında böyük səs çoxluğu ilə "Avropa İttifaqına üzv ölkələrə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayyəndəsinə Avropa əleyhinə təbliğata strateji cavab tədbirləri" barədə mühüm qətnamə qəbul edib. Avropa Parlamentinin  Müdafiə və təhlükəsizlik məsələləri üzrə alt komitəsinin sədri Anna Fotuqanin müəllifi olduğu qətnamə ilə üçüncü ölkələrdən yönəlmiş dezinformasiyalara qarşı tədbirlərin görülməsi üçün Avropa İttifaqının xarici siyasət xidmətinə tövsiyyə qəbul edilmişdir. Tövsiyyədə göstərilir ki, belə dezinformasiyaların yayılması Şərq tərəfdaşlığı ölkələrinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradır.

Avropa Parlamentində qəbul edilən qətnamə Azərbaycan diplomatiyasının növbəti uğurudur  Həmin gün plenar iclasda böyük səs çoxluğu ilə daha bir qətnamə qəbul edilmişdir. "Avropa Komissiyasına və Avropa İttifaqının xarici nümayyəndələrinin fəaliyyəti ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayyəndəsinə tövsiyyələr" haqqında qəbul edilmiş qətnamədə qeyd olunmuşdur ki, Avropa İttifaqının xüsusi nümayyəndələrinin fəaliyyət dairəsi, onların mandatı və rolu Avropa İttifaqının xarici siyasət üzrə müəyyənləşdirilmiş Qlobal strategiyasına uyğun olmalıdır. Bu strategiya Avropa İttifaqının xarici siyasətinin əsaslarını müəyyənləşdirən konsepsiya olaraq Avropa İttifaqı daxilində və ondan kənarda olan dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığı prinsiplərini Avropanın təhlükəsizliyinin əsas elementləri kimi qəbul edib.

Faktiki olaraq Avropa Parlamentinin bir plenar iclasında iki dəfə böyük səs çoxluğu ilə Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiq olduğunu nümayiş etdirib. Bu sadəcə bir diplomatik uğur deyil. Son dörd il ərzində Avropa İttifaqının bütün institutları (Avropa Şurası, Avropa Komissiyası, Avropa Parlamenti) müntəzəm olaraq əsas sənədlərində Şərq tərəfdaşlığı, həm də Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiqliyi təsdiq edib".

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə zəmanət verir R.Əliyevin sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdə müsbət dəyişikliklər baş verir: "Artıq Avropa İttifaqı başa düşür ki, Azərbaycan hansısa bir iqtisadi yardım üçün bu İttifaqın istənilən şərtlərinə razılıq verə bilən ölkələrdən deyil. Azərbaycan hazırda Avropa İttifaqının ümumi təhlükəsizlik, enerji təhlükəsizliyi və nəqliyyat layihələri üzrə əsas tərəfdaşlarından biridir.

Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdə böyük dəyişikliklər müşahidə olunur. Beş yüz milyon əhalisi olan bir İttifaqla on milyon əhalisi, 28 illik müstəqillik təcrübəsi olan Azərbaycan arasında bərabərhüquqlu dialoqa əsaslanan qarşılıqlı münasibətlər formalaşıb. Lakin Şərq tərəfdaşlığı ölkələrinin heç biri buna nail olmayıb".

Onun fikrincə, qeyd olunan uğurlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş, balanslaşdırılmış siyasət nəticəsində əldə olunub: "Əminliklə demək olar ki, cənab Prezidentin bu siyasəti nəticəsində bütün Azərbaycan xalqının səbirsizliklə həllini gözlədiyi Qarabağ məsələsi də öz həllini tapacaqdır".

İlkin İzzət Son.az