Azərbaycan və Belarusun istintaq orqanları terrorçuluğa qarşı birgə mübarizə aparacaq


Digərləri 14 Mar 2019 18:54:00 208 0

Azərbaycan və Belarusun istintaq orqanları terrorçuluğa qarşı birgə mübarizə aparacaq

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

Son.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, martın 14-də Belarus Respublikasının İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilmişdir.

Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Belarus dövlətlərinin sınanmış liderləri cənab İlham Əliyev və cənab Aleksandr Lukaşenkonun müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Məhz bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq və istintaq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu bildirilmişdir. Bu əlaqələr çərçivəsində 2018-ci ilin noyabr ayında "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş"in imzalanmasının ölkələrimizin prokurorluq və istintaq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığı diqqətə çatdırılmışdır.

Görüşdə Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Belarusun Azərbaycanla hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən İ.Noskeviç iki ölkənin istintaq orqanları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Müzakirələrin nəticəsi olaraq iki dövlət orqanı arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən "Əməkdaşlıq haqqında saziş" imzalanmışdır.

Saziş cinayətkarlıq və terrorçuluğa qarşı mübarizə, xüsusən də onun mütəşəkkil formaları, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlər və cəmiyyət üçün ciddi təhlükə təşkil edən digər cinayətlərin qarşısının alınmasında birgə əməkdaşlığı, informasiya və təcrübə mübadiləsini, hüquqi yardim və digər sahələri əhaətə edir. Saziş mövcud münasibətlərin yeni səviyyəyə qaldırılması, ölkələrimizin tərəfdar olduğu beynəlxalq əməkdaşlığa dair sənədlərin icra olunmasının ikitərəfli səviyyədə təsdiqlənməsi, tərəflər arasında qarşılıqlı etimadın bir daha bəyan edilməsi və bir-birinin milli qanunvericiliyinə hörmətin ifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Belarus nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi, Azərbaycan-Belarus münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, onlara Azərbaycan dövləti, onun hüquq sistemi, ölkə başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi hazırlanmış guşə təqdim edilmişdir.


Xəbərə aid fotolar