Marqvelaşvili: Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz


Digərləri 14 Mar 2019 14:40:48 173 0

Marqvelaşvili: Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz

Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz.

Bakı. Mətanət Nəsibova - Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz. Trend-in məlumatına görə, bunu VII Qlobal Bakı Forumu çərçivəsində Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili jurnalistlərə deyib. Gürcüstan və Azərbaycan münasibətlərinə mane olmaq cəhdlərini şərh edən G.Marqvelaşvili vurğulayıb ki, heç bir qüvvə iki ölkənin dostluq münasibətlərini soyutmağı bacara bilməz: "Bu münasibətlər möhkəmdir, çoxəsrlik tarixə və bir sıra istiqamətlər üzrə gələcək hərtərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir". Sabiq dövlət başçısı Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi ilə bağlı da fikir bildirib: "Gürcüstan tərəfinin mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır". G.Marqvelaşvili Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən deyib ki, forum region ölkələri ilə münasibətlərin gələcək inkişafına, həmçinin mühüm qlobal siyasi tapşırıqların həllinə təkan verəcək. O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaş olan iki ölkənin ümumi maraqlarına xidmət edir. Sabiq Prezident Transadriatik boru kəməri layihəsinin xüsusi əhəmiyyətini də qeyd edib və deyib ki, bu layihənin reallaşdırılması nəinki region, eləcə də Avropa üçün böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin