Peşə təhsili sisteminə yeni işə qəbul edilən bəzi rəhbər şəxslər təlimlərdə iştirak edəcəklər


Digərləri 14 Mar 2019 10:22:00 222 0

Peşə təhsili sisteminə yeni işə qəbul edilən bəzi rəhbər şəxslər təlimlərdə iştirak edəcəklər

Azərbaycanda peşə təhsili sisteminə yeni işə qəbul edilən pedaqoji təhsili olmayan rəhbər şəxslər Təhsil Nazirliyinin müəyyən etdiyi qurumlar tərəfindən keçirilən təlimlərdə iştirak edəcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti "Peşə təhsilinin dövlət standartları"nı müəyyən edib.

Standartlarla müəyyən edilib ki, peşə təhsili üzrə dövlət standartları 5 ildən bir yenilənir. Peşə təhsilinin məzmunu qanunvericilikdə qeyd edilmiş ümumi tələbləri ödəməklə yanaşı, "ömürboyu təhsil" prinsipinə əsasən təhsilalanların bir sıra modullar vasitəsilə əsas səriştələrə malik olmalarını təmin edir. Bu səriştələr ana dili ilə yanaşı, xarici dildə ünsiyyət, peşəkar şifahi və yazılı ünsiyyət qurmaq, informasiya texnologiyaları üzrə məlumatları əldə etmək, qiymətləndirmək və idarə etmək, sahibkarlıq ideyalarını və imkanlarını müəyyən etmək, biznes plan hazırlamaq, karyera məqsədlərini müəyyən etmək və müasir işaxtarma və müraciət üsullarından istifadə etmək və s.-dir.

Peşə liseylərində və peşə təhsil mərkəzlərində ümumi orta təhsil bazasından qəbul olunanlara qanunvericiliyin tələblərinə uyğun olaraq tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil fənləri tədris edilir.

Peşə təhsili müəssisələrində tədris ili iki yarımildən ibarətdir. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Dərs ili ərzində qış tətili 8 gündür. İxtisasdan asılı olaraq modulların tədrisi yay aylarında da keçirilə bilər. Dövlət peşə təhsili müəssisələrinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

Tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.