Məbud Məhərrəmov: "Rafaellə Coşqunun oynadığı qadın rolları..." MÜSAHİBƏ


Kriminal 13 Mar 2019 22:53:00 371 0

Məbud Məhərrəmov: "Rafaellə Coşqunun oynadığı qadın rolları..."  MÜSAHİBƏ

Son.az ölkə.az-a istinadən müsahibəni təqdim edir.

1988-ci ilin yeni il gecəsində efirə çıxan "Yaşıl eynəkli adam" tamaşası çoxlarının yadındadır. Əsasən Sovet dövrünün insanları onun qeyri-adi obrazını çox bəyənmişdilər. Elə özünün dediyi kimi, ilk baxışdan öz xarizmasıyla "Bizim Qarik" böyük tamaşaçı kütləsi tərəfindən çox sevilmişdi. Sonradan onun dediyi bütün sözlər xalq arasında məsəllərə çevriləcəkdi. 

Müsahibə almaq üçün Məbud müəllimlə zəngləşib, Rus Dram teatrına yollandım. Yolboyu verəcəyim sualları dəfələrlə oxuyub, əzbərləyirdim. Özümə arxayın deyildim, düşünürdüm ki, Məbud Məhərrəmovu qarşımda görəndə çox həyacanlanacam. Başqa cür ola da bilməzdi, uşaqlıqdan mavi ekranlarda gördüyüm insanı bu gün qarşımda canlı görüb, söhbət edəcəkdim. İllərin peşəkar aktyorunun özündənrazı olacağını düşünsəm də, gözlədiyimin tam əksi oldu. 

Teatra çatıb, Məbud müəllimə zəng vururam, gəldiyimi söyləyirəm. Mehribanlıqla məndən gözləməyimi xahiş edir. Budur xalqın sevimlisi, sadə insan məni özü qarşılayır. Həyəcanlıdır deyəsən, mənim kimi. Üzürxahlıq edir, hazırda məşqin olduğunu, məni bir balaca gözlədəcəyini deyir. Birdən geri qayıdıb, məni çağırır. "Sizi də zala aparmaq istəyirəm, orada oturub məşqə baxarsınız, belə darıxmazsınız" deyir.  Elə məşqin başlanması ilə mən sanki sehrli aləmə düşürəm. Səhnə insanı necə də alıb-aparır. Sanki mən zalda deyil, elə səhnədəyəm. Oturduğum kürsüdən baxanda Məbud Məhərrəmovun səhnəyə sevgisini, doğmalığını görürəm.

Məşq bitdikdən sonra müsahibə üçün qrim otağına qalxırıq. Məbud müəllim burada da məni öz sadəliyi ilə təəccübləndirməyi bacarır. Mənə qəhvə təklif edir, əvvəl utanıram və imtina edirəm. Onun təkidi ilə razılaşıram. Və maraqlı söhbətimiz başlayır.                        

- Mən sizi yaxından tanımaq üçün tərcümeyi-halınızı oxudum. Sözsüz ki, sizi xalq artisti kimi tanıyıram. Ondan kənar bir insan kimi tanımaq üçün siz özünüzü üç kəlmə ilə necə xarakterizə edərdiniz? Səhnədən kənarda gündəlik həyatda Məbud Məhərrəmov kimdir?

- Mən özüm-özümü xarakterizə edə bilmərəm, bu mənə bir az çətindir. Ancaq təkəbbürdən uzaq olsun, mənim dostlarım, ətrafım hətta jurnalist dostlarım deyir ki, "Məbud şən insandır " Rusların bir sözü var - "Çelovek prazdnik" (gülür) 

- Zahirən təmkinli görünürsüz, daxildə də eləsiniz?

- Yox, əksinə. Sakit təbiətli biri deyiləm. Tez əsəbləşirəm. Mən birdən-birə özümdən çıxa bilərəm, tez də sakitləşərəm. Əsəbləşirəm, sözümü deyirəm, hər şey keçib gedir. Ancaq ürəyimdə heç vaxt kin saxlamıram. Nəyisə düşünüm əvəzin çıxım, belə bir xarakterim yoxdur. Çalışıram heç kəsin xətrinə dəyməyim, olanda da bilmədən edə bilərəm. Bəzən dərin düşüncəli-filosof, bəzən də şən, qayğısız bir insanam.

- Hər bir rol aktyor üçün doğmadır. Bəs siz necə, rollarınızı seçirsiz?

- Bilirsiniz, mənim üçün bu suala cavab vermək bir az çətindir. Biz aktyoruq, düşünürəm biz rolu seçə bilmərik. Mənim fikrimcə əsl aktyor pis-yaxşı hər bir rolu oynamalıdır. Çünki hər ikisini oynamalısan ki, müqayisə edəcək vəziyyətə gəlib çata biləsən. Mən indi seçə bilərəm, hansı rolu oynayım, hansını yox. Karyeramı təzə başlayanda bunu edə bilməzdim. Mən çalışıram oynadığım bütün rolları özümünküləşdirim, doğmalaşdırım... Ancaq mənim karyeramda fərqli rollarım olub, müxtəlif janrlarda oynamışam.  Ampluamı tez-tez dəyişmişəm. Məsələn "Kral Lir" də təlxək rolu, "Karamazov qardaşları"nda ata-Fyodr Pavlovic Karamazov. Çoxları məni xüsusi ilə ata rolunda təsəvvür edə bilmirdi. "Üns" yaradıcılıq emalatxanasında Elçinin "Şekspir" tamaşasında ruhi xəstəxananın baş həkimi rolunda çıxış etmişəm. Sonra "Məna axtarışında" əsərində professor psixoloq rolunda da fərqli, psixoloji obraz yaratmışam. Mən bütün rollarımı sevərək oynamışam.

-  Bir az əvvəl məşq edirdiniz. Hansı tamaşaya hazırlaşırsınız? Sizə rejissorlarla işləmək asandır, yoxsa arada narazılıq olur?

- Yox, əsla. Mən təbiətcə rahat insanam. Rejissorlarla işləmək bilirsiz necədi? Mənim fikrimcə hər kəsə fərdi yanaşmaq lazımdır, çünki hər insanın özünə uyğun xarakteri var. Mən "Kral Lir" tamaşasında tearımızın baş rejissoru, xalq artisti Aleksandr Şarovskiylə çalışmışam. Onun tamaşalara, ssenarilərə özünəxas yanaşması var, öz dəsti-xətti var. Mənə onunla çalışmaq maraqlıdır, asandır.

İndi yeni tamaşaya hazırlaşırıq. Hazırda bizim Finlandiyada yaşayan soydaşımız, istedadlı rejissor Kamran Şahmərdanın quruluşunda Elçin Əfəndiyevin "İblisin oyunları" tamaşasının məşqləri gedir. Kamran müəllimin orada öz teatrı var,  bu əsərə görə xüsusi bizim teatra dəvət olunub. Bu da çox maraqlı roldur, deyə bilərəm ki, tamaşaçılar məni bu ampluada heç vaxt görməyiblər. Bundan başqa mənim teatrımızın istedadlı, tamaşalara qeyri-adi yanaşan rejissor İlqar Safatla da çox işlərim olub. Neçə tamaşalarda bir yerdə çalışmışıq. "Kazanova-sevgi oyunu", "Payız sonatası" bu tamaşalardandır. Onun da özünə xas dəsti-xətti, yolu var. Ona görə mənə onunla da işləmək həm maraqlı, həm də rahatdır.

Bundan başqa "Karamazov qardaşları" tamaşasında istedadlı rejissorlarımızdan biri olan İranə Tağızadə ilə çalışmışam. O, tamaşaya özünəxas quruluş verib, mən də bur rolu sevə-sevə oynamışam.

Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, "Kral Lir" əsərində sabah ad günü olan Nodar Şaşıqoğlu ilə tərəf müqabili olmuşam. Uşaqlıqda onu televizorda "Uzaq sahillərdə" Mixaylo obrazında görəndə heç ağlımada gəlməzdiki, nə vaxtsa onunla tərəf müqabili olacam. Bu xoşbəxtlik mənə nəsib olub.

- Deyirlər ki, son zamanlar teatra maraq azalıb. Xüsusən də gənc nəsildə demək olar ki, bu maraq yoxdur. Yaranmış durumu internetlə, yeni texnologiyalarla əlaqələndirirlər. Hətta "internet gəncləri" adlı yeni termin də var. Siz internetin gəncləri yaradıcılıqdan ayırması barədə deyilənlərlə razısınız?

- Mənə elə gəlir ki, problem təkcə onda deyil. Fikrimcə, teatrı heç nə ilə əvəz etmək olmaz. Teatrda hər şey canlı olur. Düzdür, hazırda Azərbaycanda teatra 60-70 illərdəki kimi  maraq yoxdur. Yadımdadır, mən uşaq olanda, atam hər zaman teatra bilet alırdı, mütləq bizi tamaşalara baxmağa aparırdı. Uşaqlıqdan bizdə teatra sevgini aşılamışdı. Təəssüflər olsun ki, indi maraq itib. Ola bilər internetin, televiziyaların burada rolu çoxdur, tam deyə bilmərəm ki, cavanlar gəlmir, bizim tamaşalara gənclər də gəlir. Biz ağır bir dövr yaşadıq, böyük imperiya dağıldı, ağır bir etap keçirdik. Fyodr Mixayloviç Dostayevski deyirdi "Allah bizə dəyişikliklər dövründə yaşamağı qismət eləməsin." O zamanlar bir sıra teatrlar fəaliyyətini tamamilə dayandırmışdı. Demək olar ki, bir nəsil teatrsız böyüdü. Bu da öz nəticəsini belə göstərdi. Bundan əlavə teatrlar yetərincə təbliğ olunmur. Əvvəllər avtobus dayanacaqlarında, şəhərin müxtəlif yerlərində afişalar asılırdı, sonradan bunları götürdülər. Bu da  öz növbəsində marağın itməsinə səbəb oldu. Bu gün insanlar hansı teatrda hansı tamaşa olacağından xəbərsizdirlər.

- Müsahibələrinizin birində oxumuşdum ki, bir dönəm teatrdan uzaqlaşmışdınız. Bu istirahət üçün idi, yoxsa hansısa bir inciklik vardı?

- İstirahət demək olmaz, ancaq susqunluğumu qorumuşdum.

- İncimişdiniz?

- İndiki cavanlara bir az asandır. Teatra gəlirlər 3-4 aydan sonra baş rol ala bilirlər. Bizim dövrümüzdə belə deyildi. Biz gərək illər boyu kiçik rollarda, sözsüz rollarda oynayaydıq ki, etimad göstərib, rol verəydilər. Bizə balaca bir rol verəndə, sevinirdik. Biz bunu hədiyyə kimi qəbul edirdik. O ki qaldı sualınıza, buna teatrdan getmək də demək olmazdı. Çünki mən bir il burada ştatdankənar öz tamaşalarımı oynayırdım. Rollarım olub, gəlib çıxış edib getmişəm. Ancaq deyim ki, mən o dönəmdə boş oturmamışdım. "Bakı payızı" müsabiqəsində iştirak etdim, Rasim Ocaqovun "Başqa ömür" filmində çəkildim. Müsabiqədə çıxışım zamanı Ramiz Həsənoğlu məni görmüşdü. Ondan sonra isə o, məni "Yaşıl eynəkli adam" teletamaşasına dəvət etdi. Bir də o vaxt film çəkilişinə, müsabiqədə iştirak etməyə məni teatrdan buraxmırdılar, getməyimə bunlarda təkan oldu. Ancaq deyim ki, o dövrü yaradıcılığımın ən məshuldar dövrü də adlandırmaq olar.

- Ona görə deyirlər ki, hər pis işdə bir xeyir var. Siz teatrdan getdiniz və müsabiqədə Ramiz Həsənoğlu sizi görərək "Yaşıl eynəkli adam" teletamaşasına dəvət etdi. Bu isə sizə böyük uğur qazandırdı, populyarlaşdınız.

- Bəli, düzdür.

- Mən eşitmişəm küçədə sizi hətta "Qarib müəllim" çağırırdılar.

- "Bizim Qarik"də deyirdilər, Qarib müəllim də, tabutik də deyirdilər.

- O tamaşada maraqlı frazalar vardı: tabutik, balacalal, tabutik. Mənə maraqlıdır bu sözlər ssenaridə vardı, yoxsa öz improvizəniz idi?


Xəbərə aid fotolar