Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir (FOTO)


Digərləri 13 Mar 2019 15:50:00 236 0

Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir (FOTO)

Birləşmiş Millətlər Təşkilatının nkişaf Proqramı ilə birgə VI Regional İnternet İdarəçilik Forumu keçirilir.

Bakı. Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı ilə birgə VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, forum “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusuna həsr olunub. Regional İnternet İdarəçilik Forumunun açılışından əvvəl nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və BMTİP-nin Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Spolyariç Eqqer, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin kibertəhlükəsizlik sahəsində həllər təklif edən yerli, eləcə də, beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu “Cyber Village” sərgisinə baxış keçiriblər. Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır. Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edirlər. Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir. Forumda çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, 20 ilə yaxındır ki, Azərbaycan Hökuməti BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Qurum informasiya-kommunikasiya texnologiyaları sahəsində bir çox layihələrə dəstək verir. “Ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)” məhz BMT-nin İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində hazırlanıb. Həmçinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan “AzDatacom” şəbəkəsi, regionda ilk TİER-3 səviyyəli Data Mərkəzin qurulması birgə fəaliyyətin nəticəsidir. Bu layihələr ölkəmizdə dayanıqlı inkişafa böyük töhfə verib. Bu gün də BMT İnkişaf Proqramı ilə əməkdaşlığımız davam edir. Birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Bilik İqtisadiyyatı – Azərbaycanın İnnovasiya Yol Xəritəsi” bizim üçün çox önəmlidir. Bu layihə çərçivəsində keçirilən “İdeyadan Biznesə” startap turları və məktəblərdə Robotexnika laboratoriyalarının qurulması üzrə tərəfdaşlığımızdan məmnunuq”. Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlığına da toxunan nazir ötən il təşkilatın səlahiyyətli konfransında keçirilmiş seçkilərdə ölkəmizin Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına yenidən, Radiotənzimləmə Bürosuna isə ilk dəfə üzv seçildiyini xatırladıb. “Keçən il Beynəlxalq Telekommunikasiya İttifaqının regional ofisinin dəstəyi ilə regionda ilk dəfə “Kibertəhlükəsizlik təlimləri” keçirilib, 14 ölkə nümayəndəsi iştirak edib. Hər iki təşkilatın fəaliyyəti bu gün keçirilən forumun mövzusu ilə bilavasitə bağlıdır. 2006-cı ildən keçirilən Qlobal İnternet İdarəçilik Forumları məhz Beynəlxalq Telekommunikasiya İttifaqının təşəbbüsüdür”.