Firəngiz Əlizadə: “Bizim varlıların mədəniyyəti hələ o səviyyədə deyil”


Digərləri 13 Mar 2019 13:00:00 224 0

Firəngiz Əlizadə: “Bizim varlıların mədəniyyəti hələ o səviyyədə deyil”

Son.az ONA-ya istinadən xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə müsahibəni təqdim edir:

- Firəngiz xanım, prezidentin mədəniyyət işçiləri ilə görüşündə televiziyalarda bədii şuraların bərpa edilməsini təklif etdiniz. Sizcə bədii şuralar hansı qaydalarla işləməlidir? Kimləri efirə buraxmaq olar, kimləri olmaz?

- Dəfələrlə demişəm, yenə təkrar etmək istəyirəm ki, bizim məqsədimiz qadağa qoymaq deyil, qadağalardan danışmırıq. Kim istəyir, mahnı yazsın, kim istəyir ifaçılıqla məşğul olsun, amma toyxana ifaçıları kanalları zəbt etməsin. Heç onların mədəniyyətindən, səviyyəsindən, zövqündən də söhbət getmir. Vəziyyət o həddə çatıb ki, kim toyda nə qədər pul qazanır, onu belə efirdə müzakirə edir. Televiziya kanalına milyonlarla azərbaycanlı, dünya azərbaycanlıları baxır, sən də toyda kim cibinə nə qədər pul qoyub, onu müzakirə edirsən. Biabırçılıqdır. Siz gedib toyda pul qazanırsınız, özünüz bilərsiniz, amma bu məsələləri televiziya kanallarında müzakirə etməyin. Bu, sizin daxili işinizdir. Bunu danışmaqda məqsədiniz nədir?

- Deyirsiniz, müğənnilərin toyda nə qədər qazanc əldə etməsi gizli saxlanılmalıdır?

- Gizli saxlanılmaqdan söhbət getmir, bu cür məsələlər efirə çıxarılmamalıdır. Biz bu problemlərə görə bədii şuraları bərpa edirik. Orada birinci növbədə diplomlu bəstəkarlar oturmalıdır. Həmişə bədii şuralara Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi bəstəkarlar başçılıq ediblər. İndi küçədən keçən də deyir ki, mən bəstəkaram. Qoy həmin toy müğənnilərinə 20 faiz həcmində efir ayrılsın, amma 80 faiz bizim klassik musiqimiz verilsin. Mən çıxışımda da dedim ki, heç bir Şərq ölkəsində Azərbaycandakı kimi bəstəkarlıq məktəbi yaranmayıb. Səudiyyə Ərəbistanının milyardları var, amma buna rəğmən, bəstəkarlıq məktəbləri yoxdur. Elə başqa ərəb ölkələrində də eyni mənzərədir.

- Siz deyirisiniz ki, toy müğənniləri efirə çıxmasın?

- Müğənni təkcə toyda oxuyursa, bəli, efirə çıxmamalıdır. Amma xalq artisti, əməkdar artistdirsə, onu biz konsert salonlarında görürüksə, o zaman efirə çıxmalıdır.

- Toy müğənnilərini göstərən verilişlərin reytinqi yüksək olur. Doğrusu, xalq da onları qəbul edir.

- Xalq qəbul edirsə, toylarda qulaq assın, ciblərinə pul bassın. O müğənnilər televiziya kanallarında meydan sulamamalıdırlar. Bu yaxınlarda efirdə bir aşığın çıxışını gördüm, heyran oldum.

- Adı nə idi?

- Təəssüf ki, mən o kanala çevirəndə artıq adı deyilmişdi. Bizim gözəl muğam ifaçılarımız da var, estrada ifaçılarımız da var, aşıqlarımız da var. Sizi əmin edirəm ki, onlar bütün efiri təmin edə bilərlər. Amma bəzi-bəzi zövqsüz geyinmiş, boş-boş söhbətlər danışan müğənnilər də var ki, onlara baxanda adamın əti tökülür. Yəni budurmu Azərbaycan xalqının musiqisi, budurmu Azərbaycan xalqını mədəniyyəti?

- Hələ sovet dövründə Ağadadaş Ağayev, Baloğlan Əşrəfov və başqa bu kimi müğənnilərə efir qadağası var idi. Onların əsərləri kasetlərlə yayılırdı, illər keçəndən sonra isə məlum oldu ki, xalq onları sevirmiş. Bu qadağalar yenidən eyni tendensiyaya gətirib çıxarmazmı?

- Mən yenə deyirəm, qadağadan danışmıram. Tənzimləmə olmalıdır, bu mahnılara 20 faiz, amma klassik musiqiyə 80 faiz yer verilsin.

- Son illərdə klassik musiqiyə maraq niyə azalıb?

- Ona görə ki, səviyyə yoxdur, istək yoxdur, savad yoxdur. İnsanlar savadlı, mədəniyyətli olmalıdırlar. Şükür olsun ki, Azərbaycanda hələ müsəlmançılıqdan, İslamdan gələn gözəl ənənələr yaşayır. Bəzi ölkələrdə o da yoxdur. Heç olmasa, böyüyə hörmət var, qadınlarımız abırlı-həyalıdır. Amma bizdə bu toy məsələsi artıq ciddi hal alıb. Buna bir müqavimət göstərmək lazımdır. O gün baxıram, aparıcı küçədə soruşur ki, "Qara Qarayev kimdir?" Cavan oğlan deyir, metrosundan indi bu saat çıxdım. Mən belə şeyləri eşidəndə tüklərim biz-biz olur.

- Siz dünyanın bir çox ölkələrində səfərlərdə olmusunuz, Türkiyədə, Almaniyada yaşamısınız. Gözəl bilirsiniz ki, klassik musiqiyə maraq heç yerdə əvvəlki kimi deyil...

- Bəli, doğrudur. Bu proses bütün dünyada gedir. Amma heç yerdə də toyxana adəti bu qədər geniş yayılmayıb. Hətta bizim qardaş Türkiyədə belə toy adəti bu cür deyil. Bizdə toy bir partlayışdır, qlobal hadisədir, artıq həyatımızın ən yüksək zirvəsinə çevrilib. Olsun, çox gözəl, amma onu da zövqlə eləmək lazımdır. Bilirsiniz, bizim toylarda israfçılıq çoxdur.

- Siz toylara getmirsiniz?

- Xeyr, getmirəm. Mənim toyda başım ağrıyır.

- Firəngiz xanım, görüşdə gənc bəstəkarların şəraitinin yaxşılaşdırılması ilə bağlı da çıxış etdiniz...

- Mənim qəbuluma gələn gənc bəstəkarlar tez-tez ev problemindən şikayətlənirlər, çoxu kirayə mənzillərdə yaşayır, maaşları elə kirayə pulu ödəməyə gedir. Bəstəkarlar İttifaqının yaşayış binası 1962-ci ildə tikilib, ondan sonra da daha bizə bina verilməyib. Guya yeni bina tikmək üçün torpaq sahəsi ayrılıbmış, amma o yerdən bir xəbər yoxdur. Mənim fəaliyyətim dövründən əvvəl o torpaq sahəsini nə ediblər, bilmirəm. Mənim vaxtımda ittifaqın balansında belə torpaq sahəsi olmayıb. Bizim bəstəkarların ən başlıca problemləri ev problemidir. Özü də Yazıçılar Birliyinin və ya Rəssamlar İttifaqının 1500-1800 üzvü varsa, bizim cəmi 200 nəfər üzvümüz var, yəni bizim problemimizi həll etmək daha asandır.

- Yəqin iki yüz nəfərin hamısının ev problemi yoxdur...

- Xeyr. Dövlətimiz sağ olsun, bizim bir çox məşhur bəstəkarlarımız vaxtilə evlə təmin olunublar.

- Hazırda təxminən neçə nəfərə ev lazımdır?

- Nə qədər çox ev versələr, o qədər yaxşıdır. Mən orda da səsləndirdim, bizim 86 yaşlı bəstəkarımız Yaşar İmanovun evi yoxdur. Nazim Quliyev adlı bəstəkarımız evsizdir, vəziyyəti çox pisdir. Yeddi nəfər pəncərəsi olmayan otaqda yaşayır, özünün də ürək problemi var. Bunları evlə təmin etmək lazımdır.