90cı illərin məşhur xanım aparıcısı SİRLƏRİ AÇDI: "Onu məhv etmək olmaz" FOTO


Şou-biznes 13 Mar 2019 07:55:00 305 0

90cı illərin məşhur xanım aparıcısı SİRLƏRİ AÇDI: "Onu məhv etmək olmaz"  FOTO

Şübhəsiz ki, "qadın" sözü özü gözəllikdir. Amma gəlin, etiraf edək, zərifliyi, gözəlliyi, səs tembri, dünyagörüşü bir-birini tamamlayan xanımlar barmaq sayı qədərdir. Həmsöhbətim kimi...

Son.az publika.az-a istinadən Azərbaycan Dövlət Televiziyasının sevilən aparıcısı Dilarə Səlimin müsahibəsini təqdim edir.

- Dilarə xanım, izləyici zövqümüzü formalaşdıran aparıcılarımızdan biri də sizsiniz. Televiziyaya gəlişinizdən danışaq?

- Etiraf edim ki, bu sahəyə xüsusi marağım yox idi. Azərbaycan Dillər Universitetində alman dili üzrə tərcüməçilik fakültəsi yenicə açılmışdı. Həmin ixtisasın ilk məzunlarından biri də mənəm. Ən böyük arzum Almaniyaya oxumağa getmək idi. Sovet dövründə bu proses müsabiqə yolu ilə keçirilirdi. Artıq Moskvada baş tutan müsabiqədən keçmişdim, amma atam getməyimə icazə vermədi. Bilirsiniz də, bizim valideynlərimiz daha konservativ və mühafizəkardırlar. Valideynlərimdən heç vaxt küsməmişəm, amma bir az incidim. Həmin vaxt da yeganə televiziya kanalı AzTV idi. Ən ümidsiz məqamımda diktorluq müsabiqəsi elan olundu. Atam həvəsləndirdi ki, bəlkə gedib iştirak edəsən. Getdim, amma həvəssiz... Qəbul olunacağımı düşünmürdüm. Bəlkə 200-dən çox gənc seçimə qatılmışdı. Sıralarında o qədər gözəl qızlar vardı ki, növbəti mərhələyə keçməyəcəyimdən əmin oldum. O vaxt düşünürdüm ki, əsas faktor gözəllikdir. Amma iştirakdan imtina etmədim. 3 seçim turu var idi, 12 nəfər də münsiflər heyəti... Təsəvvür edin, Rafiq Hüseynov, Roza Tağıyeva kimi nəhənglərin qarşısında danışmalısan. Çox həyəcanlı idim. Birinci turda mikrofondan səsi yoxlayırdılar. Özüm haqda yazdığım bütün məlumatı soruşurdular. Çox qəribə gəlirdi ki, artıq yazdığım şeyləri niyə soruşurlar. Sonradan anladım ki, səsimi yoxlayırlar. İkinci turda kamera qarşısında, 3-cü-də isə qısa süjetlə çıxış etdim. Bilmirəm qismət, yaxud taleyin hökmü idi, amma məni diktor kimi işə qəbul etdilər.

- Bəzən arzulamadan atdığımız addımlar həyat yolumuzun məcrasını müəyyən edir....

- Əslində, uşaqlıqdan jurnalistiikaya həvəsim vardı. Amma atam həmin ixtisası seçməyimə də icazə verməmişdi. Hətta demişdi ki, əlində mikrofon, bütün gün yollara düşəcəksən. Bu qadın peşəsi deyil. İstəyirsən, get həkim ol. Mən də seçim qarşısında qalıb, alman dilini seçdim. Amma sonradan özü də etiraf etdi ki, həqiqətən, niyyətin hara, mənzilin də ora. Hətta peşmançılıq da çəkirdi ki, vaxtında icazə versəydi, bu sənətə daha tez gələrdim. Sonra Almaniyaya gedib, jurnalistika təhsili də aldım. Amma 4-5 ilimi itirdim.

- Zahirən də almanlara çox bənzəyirsiniz?

- (gülür) Onu mənə çox adam deyir. Televiziyaya gələndə ilk vaxtlar ustadım Rafiq müəllim idi. Sonradan bizi bölüşdürdü ki, qızlarla xanım diktorlar məşğul olsun. Amma bu yola Rafiq müəllimlə başlamışıq. Bu günədək onu ən böyük ustadımız sayırıq. Ümumiyyətlə, 90 faiz televiziya diktorlarının müəllimi Rafiq Hüseynov olub. Rafiq müəllim həmişə deyirdi ki, görünüşcə də almanlara bənzəyirsən, yəqin dilə həvəsin də oradan yaranıb. Bilmirəm, bəlkə də o ixtisası seçəndən sonra almanlara bənzəməyə başladım. Bir də dilimdəki kobudluğu xüsusi vurğulayırdı. Mən bunu rus bölməsini bitirməyimlə əlaqələndirirdim. Deyirdi yox, bu alman dili ilə bağlı olan haldır. Saitləri kobud tələffüz edirsən, amma mən bu qüsuru sındıracam. Həqiqətən də dediyini etdi.

- Dilarə xanım, Rafiq Hüseynovla bağlı bəlkə də heç yerdə səsləndirmədiyiniz xatirələrinizi bölüşməyinizi istəyirəm.

- Rafiq müəllim çox tələbkar və məsuliyyətli insan idi. Bu cəhətləri bizə də öyrətmişdi. Bəzən deyirlər insanın daxilində məsuliyyət hissi yoxdursa, sonradan qazana bilməz. Təbii ki, o qığılcım olmalıdır, amma inkişaf etdirmək ustaddan asılıdır. O vaxtlar cəmi bir kanal vardı. Həmişə deyirdi ki, diktor efirdən əlçatmaz görünür. Çalışın, bu cəhəti gündəlik həyatınızda itirməyəsiniz. Hətta mağazadan çörək almağa gedəndə, səliqə-səhmanınız yerində olsun. Peşəmizin ali olduğunu aşılayırdı.

- Özü də son günlərinədək həyat prinsipinə əməl etdi.

- Heç vaxt səs tonunu yüksətməzdi. Amma ondan çox çəkinərdik. İradlarını sakit şəkildə elə bildirərdi ki, uzun müddət bizə bəs edərdi. Hər dəfə efirdən sonra studiyadan dəhliz boyu diktor otağına gedirdik. Efirdən sonra dəhlizin başında Rafiq müəllimi görürdüksə, ürəyimiz əsirdi ki, nəyisə yanlış etmişik. Görməyəndə, rahat olurduq ki, demək iradı yoxdur. Hətta masa arxasında doğru oturmaq, klassik diktor mədəniyyətini gözləmək məcburiyyətində idik. Bəlkə də indi gənc aparıcılara bu qəribə gələ bilər, amma hər veriliş formatının öz tələbləri var. Bu qaydalara mütləq riayət olunmalıdır. Təbii ki, sərbəstlik gözəldir, amma yerində və miqdarında olmalıdır.

- Söz düşmüşkən, bəs siz gənc diktorların, aparıcıların yetişməsində əmək sərf edirsiniz?

- İstər mən olum, istər Nərgiz Cəlilova, Rafiq Həşimov, yaxud digər həmkarlarım təbii ki, gənc diktorlara tövsiyə veririk, efirə hazırlaşmaqda yardım edirik. Təəssüf ki, bizim də çatdırmağımız gərəkən verilişlər var. Yəqin xəbəriniz var ki, televiziyamızda akademiya fəaliyyət göstərir. Doğrudur, indiyədək fəal deyildi, amma artıq mütəxəssislər cəlb olunub. Gənc televiziya kadrları yetişdiriləcək. Bu gün istedadlı gənclərimiz çoxdur, amma əsaslı məktəb, yönləndirmə sistemi yox səviyyəsindədir.

- 90-cı illərin diktor dueti dəbi vardı. Məsələn, biz Dilarə Səlimlə Rafiq Həşimovu bir-birindən ayrı təsəvvür etmirdik. Kifayət qədər də yaraşırdınız...

- Biz televiziyaya Rafiqlə bir vaxtda gəlmişik. Müsabiqədən də bir vaxtda keçmişik. Doğrudur, həmin vaxtlar Rafiq televiziyanın montaj sahəsində çalışırdı. Elə işlədiyi müddətdə özünü diktor kimi sınamağa qərar verdi. Eyni vaxtda da gəldiyimiz üçün tədbirlərdə, konsertlərdə birgə çıxış edirdik.

- Uğurlu tandem idi...

- Bəlkə də redaktorlarımız gördülər ki, birgə daha uğurlu çıxış edirik, ona görə də duetimiz uzun müddət davam etdi. Birgə çox rahat idik, çünki eyni məktəbin, televiziyanın davamçısıyıq. Əsas da budur. Tamaşaçılar bəyənirsə, demək nəyəsə nail olmuşuq. Əslində o vaxtlar çox yaxşı ənənə vardı ki, xəbərlər duet şəklində təqdim olunurdu. Təəssüf ki, artıq bu yoxdur. Bu gün istər BBC, istər CNN olsun, xəbər sahəsində dünya lideri olan kanallarda bu ənənə davam edir. Çünki tək aparıcı xəbəri nə qədər peşəkar və maraqlı təqdim etsə də, bir müddət sonra səs diapazonu tamaşaçını yorur. Xəbəri təqdim edən şəxsin də öz cizgiləri var ki, bu insanlar üçün adiləşməməlidir. Odur ki, duet xəbər aparıcılığı ənənəsi geri qayıtsa, düşünürəm ki, tamaşaçılar da məmnun qalar. Elə bizim tandemimiz də xəbərlərdə formalaşmışdı.

- Yəni ikiniz birgə brendə çevrilmişdiniz..


Xəbərə aid fotolar