Elm əhlinin xüsusiyyətləri


Digərləri 12 Mar 2019 22:45:00 276 0

Elm əhlinin xüsusiyyətləri

Elm əhlinin məqamı ucadır. Qurani-kərim ayələrində, Peyğəmbərin və imamların mübarək kəlamlarında alimin üstünlüyü, elm öyrənməyin və öyrətməyin dəyəri barədə hədsiz sayda göstərişlər mövcuddur.

Amma əlbəttə ki, hər elm oxuyan adamı əsl alim adına layiq hesab etmək olmaz. Alimə şərəf gətirən bəzi xüsusiyyətlər vardır ki, bunlarsız onun nəinki heç bir dəyəri olmaz, hətta o, cahillərdən əskik sayılar. Həmin xüsusiyyətlərdən ən əsaslarını heç bir əlavə şərh vermədən aşağıda qeyd edirik:

Son.az islam.az-a istinadən bildirir ki, əvvəla, alim öz elminə əməl etməlidir. Öz elminə əməl etməyən alim Quran təbiri ilə desək, belinə kitab yüklənmiş uzunqulaq kimidir.

Ikincisi, alim elmin dəyərini bilərək, onu öyrənməlidir. Başqaları qarşısında öyünmək, alimlərlə mənasız mübahisələrə girişmək, bilik əhlinə irad tutmaq naminə elm oxumağın heç bir faydası yoxdur.

Üçüncüsü, elm əhli gözəl əxlaqa sahib olmalıdır. Özünü elə aparmalıdır ki, başqaları ondan nümunə götürsünlər.

Dördüncüsü, elm əhli lovğalanmamalı, başqalarından özünü üstün tutmamalı, təvazökar davranmalıdır. Unutmamalıdır ki, ağac bar gətirəndə başını aşağı əyər.

Beşincisi, elm əhli məsuliyyətli olmalı, elmi dəqiqliklə mənimsəməli, bilmədiyi məsələlər barədə fikir yürütməkdən çəkinməlidir.

Altıncısı, alim başqa alimlərin sözlərinə və fikirlərinə ehtiramla yanaşmalı, hətta onlarla razılaşmadıqda belə, ədəblə etiraz etməlidir.