Cocuq Mərcanlı kəndinin sakinləri baharın gəlişini doğma yurdda qarşılayırlar (FOTO)


Digərləri 12 Mar 2019 22:05:33 236 0

Cocuq Mərcanlı kəndinin sakinləri baharın gəlişini doğma yurdda qarşılayırlar (FOTO)

Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin “Qayıdış” parkında Novruz bayramı münasibətilə şənlik keçirildi.

Bakı. Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin “Qayıdış” parkında Novruz bayramı münasibətilə şənlik keçirilib. Trend-in məlumatına görə, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb. Mərasimdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlı kənd sakinləri, N saylı hərbi hissənin əsgərləri və digər qonaqlar iştirak edib. Əvvəlcə bayram tonqalı yandırıldı. Tədbir iştirakçıları Biləsuvar, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin təşkil etdiyi dekorativ-tətbiqi sənət sərgisi, el sənətkarlarının əl işləri, rəsm əsərləri, milli mətbəx nümunələri ilə tanış oldular. Sərgidə bayram xonçaları, müxtəlif növ şirniyyatlar, səmənilər və xalça nümunələri nümayiş olunub. Kosa və Keçəlin zarafatları, şən musiqi nömrələri hər kəsdə xoş ovqat yaradıb. Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov tədbir iştirakçılarını salamlayaraq öz təbriklərini çatdırıb: “Əziz qonaqlar və Cocuq Mərcanlı kəndinin sakinləri! Sizi Yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edirəm. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tədbirinin keçirilməsi böyük rəmzi məna daşıyır. Bu bir daha göstərir ki, biz bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik”.