Xalq artisti: “O görüşdə olsaydım deyərdim ki...”


Digərləri 12 Mar 2019 21:44:00 272 0

Xalq artisti: “O görüşdə olsaydım deyərdim ki...”

Son.az Azərbaycanın Xalq artisti Məmməd Səfa Qasımovun Lent.az-a müsahibəsini təqdim edir:             

- Eksperimental Tamaşalar festivalının gedişatından ayırdım sizi, necə keçdi, festival havası vardımı?

- Mənim İncəsənət  Universitetində dərs dediyim 3-cü kursun da tamaşası göstərilir, həmkarlarımın kursları da oynayırlar. Tələbələrimizin yanındayıq.  Festival həmişə, hər bir halda teatr bayramıdır. İşini nümayiş etdirirsən, sənə baxırlar və alqışlayırlar.

- O festivalın özülünü rəhmətlik Vaqif İbrahimoğlu qoymuşdu, ilk dəfə keçirmişdi. Mən də festivalı yüksək səviyyədə işıqlandırdığıma görə "Ən yaxşı jurnalist" nominasiyasının qalibi olmuşdum.

- Hə, Allah ona rəhmət eləsin, "Yuğ"un bir-neçə işi də mükafat almışdı o zaman, 2003-cü ildə. Nə biləydi ki, ikinci festival onsuz keçiriləcək, həyatdı də...

- Bəli, həyat davam edir, festivallar da öz yerində. Teatr aləmində son bir-neçə gündə bir işıq seli görünür. Sizin nə təəssüratlarınız var?

- Hesab edirəm ki, ölkə başçısı ilə mədəniyyət xadimlərinin görüşü lazım idi ki, oldu. Həm də belə görüşlər mütəmadi olmalıdır. Vacib məsələlərin həlli üçün çox önəmlidir. İnanıram ki, bir çox problemlər öz həllini tapacaq.

- Orda olsaydınız, nə təklifiniz olardı?

- "Yuğ" teatrına bina xahiş edərdim. İkinci xahişim kinonun inkişafı ilə bağlı olardı.

- Bəs, şəxsi?

- Şəxsi o qədər problemlərimiz var ki, nə bilim...

- Diplomatik cavab oldu. Yaradıcı yolunuza nəzər salanda diqqətimi Bakı Mədəni-Maarif Texnikumu çəkdi, aktyor olmaq üçün ora qəbul olunmuşdunuz?

- Neynəyim, İncəsənət Universitetinə - o vaxt institut idi - qəbulda Adil İsgəndərov ixtisasdan mənə dörd dənə "3" yazdı, daha doğrusu, "3" aldım, müsabiqədə 25 yerə 27 nəfərdən keçməyən iki nəfərin biri mən oldum, çünki hamısı yaşca məndən böyük, əsgərlikdən qayıtmış uşaqlar idi. Universitetin yanından keçəndə Adil müəllimi pəncərədən baxan görüb, deyirdim, ay müəllim, mənə bircə "4" yazsaydınız, indi tələbəniz idim. Amma yaxşı ki, elə oldu. Bir az da böyüyüb, sonra qəbul olundum və sənəti daha yaxşı öyrəndim, daha məsuliyyətli oldum. Əfrasiyab Məmmədovun kursunu bitirdim. Təyinatla Şabranda Mədəniyyət evində işlədim, amma qırmızı diplomla bitirdiyim üçün təyinat yerində cəmi bir il işlədim, yoxsa üç işləməli olardım. Həmin il də İncəsənətin aktyorluq fakültəsinə qəbul olundum. Fuad Hacıyevin kursunda oxuyurdum, bir il Nəsir Sadıqzadə də dərs dedi bizim kursa.

- Özünün aktyorluqda uğuru olmayan, amma onlarla aktyor yetişdirən müəllim Nəsir Sadıqzadə...

- Həm də Bakı Dövlətin filologiyasını bitirmişdi. Allah ona rəhmət eləsin, Azərbaycanda elə bir aktyor yoxdur Nəsir Sadıqzadədən bu və ya digər formada dərs almasın.

- İlk iş yeriniz "Yuğ" oldu?

- Yox, 7-8 il universitetdə səhnə danışığı kafedrasında dərs dedim, sonra keçdim aktyorluq kafedrasına. Eyni zamanda, Tədris teatrında çalışırdım. Orda çalışa-çalışa Vaqif İbrahimoğlu "Yuğ" teatrını yaratdı. İsrafil İsrafilov bizə dedi ki, bərk-bərk yapışın müəllimdən, qopmayın. Biz də o tutan tutduq, ta ki, Vaqif müəllim rəhmətə gedincə buraxmadım...

- Bu sizin sənətinizdə yaxşılığa doğru oldumu, bu gün ziyanını çəkmirsiniz?

- Əlbəttə, yaxşılığa doğru oldu. Mən o ziyan ifadəsini işlətsəm, dilim od tutub yanar. Biz peşə həyatımızı Vaqif müəllimə borcluyuq. Müəllimim çox olub, onun yeri bir başqadır.

- Amma bu gün onun məktəbinə Azərbaycan teatr aləmində yer yoxdur...

- Müəllimin özünün dediyi sözdür. Deyirdi ki, hər bir teatrın ömrü 20 ildir, ondan sonra yaşamır. Yeni yaranışlardan, yenidən başlamaq lazımdır. Elə də oldu, "Yuğ"un 20 illiyi ərəfəsində Allah özü gəldi müəllimi apardı ki, sənin missiyan başa çatdı. Adı, hörməti "Yuğ"da çox yüksəkdir, amma missiya başa çatıb. İndi orda yeni estetika başlayıb.


Xəbərə aid fotolar