“Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 12 Mar 2019 19:12:00 193 0

“Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda seminar keçirilib (FOTO)

“İdeyadan Biznesə” layihəsi çərçivəsində “Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda seminar keçirilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində “Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda seminar keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, startaplar, yerli və beynəlxalq İKT şirkətləri və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbir blokçeyn (blockchain) texnologiyasının yaranması və inkişaf perspektivləri, onun innovativ sahibkarlıq fəaliyyətində tətbiqi mövzularını əhatə edib. İnnovativ sahibkarlıqda tətbiq olunan blokçeyn texnologiyası yeni nəsil innovasiya xidmətləri infrastrukturunun əsasını təşkil edəcək mühüm texnologiyalardan biri hesab olunur. Son illər bir sıra inkişaf etmiş ölkələrdə dövlət və özəl sektorda bu texnologiyaya maraq sürətlə artmaqdadır. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov bildirib ki, Fond innovativ sahibkarlıq fəaliyyətində yüksək texnologiyaların tətbiqinin təşviqinə xüsusi diqqət ayırır, startaplar və İKT şirkətləri üçün müxtəlif tədbirlər və proqramlar həyata keçirir. A.Bayramov qeyd edib ki, blokçeyn texnologiyası innovativ sahibkarlıq və biznes proseslərinin həyata keçirilməsi zamanı fəaliyyətin şəffaflaşdırılması, təhlükəsizliyi və sürətləndirilməsi məqsədilə istifadə olunur. “Blokçeyn texnologiyasına əsaslanan kriptovalyutaların yaranması və getdikcə genişlənən tətbiqi son illərin mühüm trendlərindəndir. Blokçeyn texnologiyası təkcə rəqəmsal pul vahidləri deyil, sistem reyestrləri, İT proqramları, məlumatların emalı, elektron imza kimi sahələrdə də istifadə olunur”.