Bakıda ölmək neçəyə başa gəlir? 250 manatdan 9000 manata qədər qəbir yerləri...


Digərləri 12 Mar 2019 18:59:00 221 0

Bakıda ölmək neçəyə başa gəlir?  250 manatdan 9000 manata qədər qəbir yerləri...

El arasında belə bir məsəl var. Bu dünyada insana beş metr kəfən və bir qarış da torpaq qalır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu deyən əcdadlarımızın ağlına da gəlməzdi ki, indiki zəmanədə ölmək də "pullu" olacaq, mərhum isə özü ilə o biri dünyaya həm də qəbir üçün ayrılmış sahə şəklində "daşınmaz əmlak aparacaq".  Bu gün ölmək böyük xərclər tələb edir: yas mərasimi, o cümlədən üçü, yeddisi, qırxı, cümə axşamları, qəbir üçün ayrılan yer və s.

Yas mərasimini təmtəraqlı şəkildə keçirib-keçirməmə hər bir insanın şəxsi işidir və son vaxtlar dövlət tərəfindən tənzimlənir (son bir neçə ildə aparılan işlər hesabına təmtəraqlı yas mərasimlərinə münasibət dəyişib). Habelə qəbir üçün ayrılan yerlərə gəlincə, bu planda son illər ərzində dəyişən yalnız qiymətlər olub.

Azərbaycan qanunvericiliyinə görə, hər bir vətəndaş həyatda olduğu vaxt etiqad etdiyi dinin tələbləri əsasında dəfn olunmalıdır. Məsələn, Bakıda xüsusi olaraq bu məqsədlə Əhaliyə Vətəndaş xidməti Tresti yaradılıb. 

Adıçəkilən trestin tabeliyində paytaxtın müxtəlif yerlərində yerləşən 25 qəbiristanlıq yer alır.  Vətəndaşın ölümündən sonra onun yaxınları müəyyən sənədləri təqdim etdikdən sonra "Sosial ödənişlər haqda" Qanuna əsasən, dövlətdən 160 manat vəsait alır.

Dövlətin fikrincə, bu vəsait mərhumun dəfn edilməsinə kifayət edir, belə ki, trestin nümayəndələrinin sözlərinə əsasən, müsəlman üçün bir qəbrin rəsmi qiyməti 63, qeyri-müsəlman üçün 79 manat təşkil edir.

Belə çıxır ki, qəbir işini həll etdikdən sonra ailənin əlində 100 manata yaxın pul qalır. Onunla mərasimdə iştirak edən qonaqların qarşısına qoymaq üçün çay, xurma, su almaq olar.

Ancaq bütün bunlar yalnız kağız üzərindədir.

Reallıqda isə Bakı qəbiristanlıqlarında tam fərqli "mənzərə" mövcuddur:

1. Yasamal - qəbir üçün yer - 7000-9000 manat

2. Xırdalan - 800-1500 manat (dörd qəbir yeri "paketi" isə 2500-ə başa gəlir)

3. Masazır - 500 manat

4. Biləcəri - 500 manat ( hazır, qazılmış qəbirlə birlikdə 800 manat)

5. Badamdar - 500 manat

6. Ramana - 250 manat

Rəsmi rəqəmlərlə real qiymətlər arasında fərq 4-8 dəfə çoxdur. Yasamal qəbiristanlığında isə kağız üzərində göstərilən rəqəmlərdən  nə az, nə çox, 11 dəfə yüksəkdir.

Bunun səbəbi nədir və bu yolla toplanan pul vəsaitləri hara xərclənir? Çünki məbləğ elə də kiçik deyil. Təkcə 2016-cı ildə Bakıda 13 minə yaxın insan vəfat edib (son üç il üzrə statistika hələlik yenilənməyib).  Real qiyməti götürsək, tutaq ki, bir qəbirin orta qiyməti 500 manatdır, deməli, bu, illik 6 milyon 500 min manata yaxın vəsait edir.

Bəs toplanmış vəsaitlər hara gedir? Bu qanunidirmi? Dövlət vahid rəqəm (63 manat) təsbit etdiyi halda, nə üçün qəbiristanlıqdan qəbiristanlığa qiymət dəyişir?

Bu qanunidirmi?

Xeyr, bu qanuna ziddir. Məsələn, İstanbulda qəbir yerinin qiymətlərini bələdiyyələr müəyyən edir. Türkiyənin ən iri şəhərində qəbiristanlıqlar dörd kateqoriyaya ayrılır.

Birinci kateqoriyaya şəhərin mərkəzində yerləşən Zincirlikuyu qəbiristanlığı daxildir. Orada qəbir yeri (2018-ci il göstəricisinə görə) 1900 manata başa gəlir. Alınmış qəbirin yanındakı boş yer isə artıq fərqli qiymətə - 4000 manata təklif olunur. İnsan ölməzdən əvvəl özünə qəbir yeri sifariş verirsə, bu, ona 8000 manata başa gəlir.