Türk Hava Yolları “Böyük köç”ə hazırlaşır


Digərləri 12 Mar 2019 17:17:00 200 0

Türk Hava Yolları “Böyük köç”ə hazırlaşır

Türk Hava Yolları türk aviasiya tarixinin ən böyük dəyişimi üçün artıq hazırdır.

Bakı. Türk Hava Yolları türk aviasiya tarixinin ən böyük dəyişimi üçün artıq hazırdır. Şirkətdən Trend-ə verilən məlumata görə, İstanbul hava limanına böyük köç 5 aprel 2019-cu il tarixində, gecə saat 03:00-da başlayacaq. Qlobal aviasiya tarixində unikal olan bu hadisə ümumilikdə, 45 saat davam edəcək və 6 aprel tarixində saat 23:59-dək yekunlaşdırılacaq. Köçürüləcək avadanlıqların ümumi ölçüsü 33 futbol meydançası qədərdir. Böyük köçü plana uyğun olaraq uğurla həyata keçirmək üçün Atatürk və İstanbul hava limanlarında 6 aprel tarixində saat 02:00-dan 14:00-dək olan bütün planlaşdırılmış sərnişin uçuşları təxirə salınacaq. “Bütün dünyanın şahidlik edəcəyi bu köçdən sonra biz yeni bir günə başlayacayıq. Bu gündən etibarən qarşımızda yeni səhər, yeni dönəm açılır. Bu dönəmdən Türk Hava Yollarının təyyarələri yeni evlərindən – İstanbul hava limanından enib və qalxacaq. Mən ümid edirəm ki, bu addım həm ölkəmizə, həm də şirkətimizə böyük uğur gətirəcək” - deyə Türk Hava Yollarının İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib. Qeyd edək ki, Atatürk hava limanının İstanbul hava limanına köçürülməsinin birinci mərhələsi 29 oktyabr 2018-ci il tarixində artıq baş tutub.