Bakıda yarım milyon manat dələduzluq edən dəstəyə hökm oxundu


Kriminal 12 Mar 2019 16:44:00 224 0

Bakıda yarım milyon manat dələduzluq edən dəstəyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilən Anar Süleymanov, Alim Əkbərov və Zəmanət Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvlərinə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Süleymanov 7 il 6 ay, A.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində həbs qətimkan tədbiri seçilməyən Z.Hüseynliyə isə şərti cəza verilib.

İttihama görə, həmin şəxslər hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz saxta sənədlərdən istifadə edib, aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçiriblər.

A.Əkbərov tanışı A.Süleymanovla "Gobustone" MMC-nin satış mütəxəssisi vəzifəsində işləyən İbadov Ömər İmran oğluna pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib. Onlar 2016-cı ilin iyun ayında "Gobustone" MMC-dən hörgü bloku və yapışdırıcını alıb ələ keçirmək üçün "Elvin İnşaat Servis" MMC-də heç bir vəzifə tutmadığı və həmin şirkət tərəfindən ona heç bir səlahiyyət verilmədiyi halda, özünü həmin MMC-nin rəsmi nümayəndəsi kimi təqdim ediblər. Hər iki şəxs "Elvin İnşaat Servis" MMC-nin direktoru Ədalət Zahidovun xəbəri olmadan saxta sənəd hazırlayıb, "Gobustone" MMC-nin direktoru Aynur Qasımovla müqavilə imzalayıb. Müqaviləyə əsasən, onlar həmin şirkətdən ümumilikdə 91 595 manat dəyərində tikinti materialları alıblar.