Ömrünün 114cü ilini yaşayan 7 övlad, 25 nəvə, 18 nəticə sahibi Gülxanım nənə


Digərləri 11 Mar 2019 23:00:00 269 0

Ömrünün 114cü ilini yaşayan 7 övlad, 25 nəvə, 18 nəticə sahibi Gülxanım nənə

Son.az AZƏRTAC-a istinadən yazını təqdim edir.

Azərbaycanın dilbər guşəsi olan Naxçıvan həm də uzunömürlülər diyarı kimi tanınır. Qədim yurdun füsunkar, gözoxşayan təbiəti, təmiz havası, suyu, qızıldan qiymətli təbii ərzaq məhsulları burada yaşayan sakinlərin ömrünə ömür qatır. Onlardan biri də 114 yaşlı Gülxanım nənədir.

Kim 100 il yaşamasa...

Muxtar respublikanın Babək rayonunun Uzunoba kəndində yaşayan Gülxanın nənə həm də qədim diyarın ən yaşlı sakinləri sırasında yer alır. AZƏRTAC-ın Naxçıvan bürosunda muxtar respublikada dərc olunan "Şərq qapısı" qəzetinin müxbiri Nail Əsgərov ilə söhbət edərkən onun barəsində müəyyən məlumatları öyrənmişdim. Ancaq əsrə meydan oxuyan qəhrəmanımızı yaxından görmək daha maraqlı idi. Bu məqsədlə həmkarımla bərabər üz tuturuq Uzunoba kəndinə. Yolboyu muxtar respublikanın abadlaşan kəndlərini gördükcə insanın ürəyi fərəhlənir. Düşünürsən ki, bir sıra məsələlərin artıq öz həllini tapdığı bu gözəl təbiətli diyarda, gözəl insanların əhatəsində 100 il yaşamasan günah sənin özündə olar...

Qısa zamanda Uzunoba kəndinə çatırıq. Şəhərdən fərqli olmayan asfalt yolla axtardığımız ünvana çatırıq. 114 yaşlı nənənin qızı Mədinə xanım bizi qonaqpərvərliklə qarşılayır, "xoş gəldin", - deyib evə dəvət edir. Gülxanım nənəni görəndə nurani çöhrəsindəki ilıq təbəssüm, üzündəki ötən ömründə yaşadığı sevincin, kədərin izləri, gizlənən qırışlar diqqətimi cəlb edir.

- Salam, Gülxanım nənə, səni görməyə gəlmişik.

- Əleykümsalam, xoş gəlmisiniz, ay bala, ayaqlarınız var olsun, buyurun, keçin əyləşin.

- Əhvalınız necədir?

- Ay oğul, əlayam desəm, yalan olar, ömrümün, günümün bu çağında tam gümrah, sağlam görünməyim qeyri-mümkündür. Ancaq, şükürlər olsun ki, səhhətimdən elə də ciddi şikayətim yoxdur. Allah bütün övladları saxlasın, uşaqlar vaxtlı-vaxtında qeydimə qalırlar, həkim lazım olanda gəlib baxır. Dövlətimiz də yaxşı pensiya ayırıb, sağ olsun dövlət başçısı ki, pensiyaları hər il artırır, çətinliyim olmur.

"Övladlarıma belə firavan yaşayışın, gözəl günlərin qədir-qiymətini bilmələrini tövsiyə edirəm"