Azərbaycan gerbinin müəllifi Aleksandr Şervaşidze kimdir?


Digərləri 11 Mar 2019 19:27:00 268 0

Azərbaycan gerbinin müəllifi Aleksandr Şervaşidze kimdir?

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən abxaz knyazları nəslindən olan rəssam, dizayner Aleksandr Şervaşidze haqqında məqalə yaradılıb.

MEK-dən bildirilib ki, Aleksandr Şervaşidze Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsinin müəllifidir.

Məqalədə maraqlı faktlar yer alıb. Bildirilir ki, "Azərbaycan" qəzetinin 1919-cu il 14 noyabr tarixli buraxılışında dövlət gerbi və himn haqqında məlumat dərc olunub. Xalq Maarif Nazirliyi Cümhuriyyətin dövlət gerbi və himninin işlənib hazırlanmasına dair mülahizələrini hökumətə təqdim edib.

Mülahizələrdə qeyd edilib ki, himnin seçilməsi üçün hazırlanmış layihələr 1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim olunmalıdır. Nazirlik dövlət gerbi layihəsinin hazırlanmasını Bakıda olan və öz əsərləri, xüsusilə də Şərq memarlığı, heykəltəraşlığı və rəssamlığına dair bilgiləri ilə məşhurluq qazanmış rəssam knyaz Şervaşidzeyə həvalə olunmasını təklif edib.

Hökumətin 1920-ci il 30 yanvar tarixli qərarına əsaslanaraq Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin, eləcə də himn mətninin layihələrinin hazırlanması haqqında fevralın 19-da "Azərbaycan" qəzetində müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istəyənlər öz layihələrini mayın 1-dək möhürlənmiş zərflərdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Qalib gəlmiş layihələrin AXC istiqlalının ikinci ildönümünədək təsdiq olunması müəyyənləşdirilmişdi.