DGK gömrükdə süni maneələrin yaradılması xəbərlərinə münasibət bildirib


Digərləri 11 Mar 2019 19:07:00 192 0

DGK gömrükdə süni maneələrin yaradılması xəbərlərinə münasibət bildirib

Sahibkarlardan qeyri-qanuni vəsaitlərin tələb olunduğuna dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb

Bakı. "Bəzi kütləvi informasiya vasitələrində idxal əməliyyatları zamanı xarici iqtisadi ticarət iştirakçılarına Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Bakı Baş Gömrük İdarəsində gömrük orqanları tərəfindən süni maneələr yaradıldığı, malların laboratoriyaya və anbara göndərilərək sahibkarlardan qeyri-qanuni vəsaitlərin tələb olunduğuna dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb". Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, məlumatda idxal edilən malların guya məqsədli şəkildə ekspertizaya göndərildiyi, prosesin günlərlə davam etdiyi və bu müddət ərzində sahibkarların nəqliyyat şirkətlərinə əlavə vəsaitlər ödədiyi iddia olunur. Digər iddiaya görə isə sahibkarların idxal etdikləri mallar gömrük orqanları tərəfindən məcburi qaydada anbara göndərilir və burada həm yükləmə, həm də xidmət müqabilində onlardan qeyri-qanuni vəsaitlər alınır. Dövlət Gömrük Komitəsi bildirir ki, hər iki halda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirilən proseslər qərəzli şəxslər və ya dairələr tərəfindən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədilə bilərəkdən yanlış şərh olunur. Belə ki, idxal edilən hər hansı malın mənşə ölkəsi, təsnifat kodu və gömrük dəyəri haqqında gömrük orqanında şübhə yaranarsa, həmin mallar qanunvericiliyə görə Mərkəzi Gömrük Ekspertizası idarəsinə göndərilməlidir. Ekspertiza qanunla müəyyən olunan müddətdə başa çatdırılır və hər hansı qeyri-qanuni hal aşkar edilmədiyi təqdirdə sahibinə təhvil verilir. Bu prosesin daha asan şəkildə həyata keçirilməsi və sahibkarların vaxt və əlavə vəsait itkisinə məruz qalmaması məqsədilə Dövlət Gömrük Komitəsinin sədri tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 50-ci və 322.2-ci maddələrinin müddəalarının tələblərindən irəli gələn məsələlərin icrası ilə əlaqədar ticarətin asanlaşdırılması üsullarından biri olan məcburi qərarların tətbiqinə dair sərəncam imzalanıb. Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə (mallar gömrük ərazisinə gətirilmədən öncə) gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. “Məcburi qərar” adlandırılan bu qərarlar həmin Məcəllənin 50.4-cü maddəsinə görə (bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla), malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur.