“Microsoft” Azərbaycanda “kibertəhlükəsizlik həftəsi” keçirir (FOTO)


Digərləri 11 Mar 2019 18:34:00 233 0

“Microsoft” Azərbaycanda “kibertəhlükəsizlik həftəsi” keçirir (FOTO)

Bakıda Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” öz işinə başlayıb.

Bakı. “Microsoft” şirkətinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu gün Bakıda Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” öz işinə başlayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, kibertəhlükəsizlik sahəsində səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, texniki hazırlığın yüksəldilməsi məqsədi ilə keçirilən həftə 11 – 15 mart 2019-cu il tarixlərinə planlaşdırılıb. Kibertəhlükəsizlik həftəsinin ilk tədbiri “Microsoft” şirkətinin sahənin mütəxəssisləri və istehlakçıları üçün keçirdiyi seminarla başladı. Seminarın açılışında iştirakçıları salamlayan “Microsoft Azerbaijan” şirkətinin rəhbəri Sərxan Həşimov qeyd etdi ki, artıq Azərbaycana kiber hücumların sayı artıb və ölkə inkişaf etdikcə xakerlərin marağı da artır. “Ümid edirəm ki, bunu nəzərə alaraq, dövlət və özəl sektorların əməkdaşlığı nəticəsində kiber hücumlardan qorunmaq üçün birgə fəaliyyət, o cümlədən daha mükəmməl qanunvericilik bazası hazırlamaq mümkün olacaq”, - Sərxan Həşimov dedi. “Microsoft” şirkətinin təşkil etdiyi seminarın gündəliyi və mahiyyəti barədə danışan Microsoft Azerbaijan şirkətinin Strateji texnologiyalar üzrə baş Mütəxəssis Qaçay Mirzəyev qeyd edib ki, kibertəhlükəsizlik çox geniş mövzudur və buna görə də seminar əsasən analitik təhlillərdən və müxtəlif həllərin nümayişindən ibarətdir. “Microsoft şirkəti gündə bir neçə dəfə kibertəhlükəsizlik analitik hesabatı hazırlayır. Bu hesabatda gündəmdə olan kibertəhlükələrdən məlumatlar, eyni zamanda sırf Azərbaycanla bağlı çox vacib, infeksiya xəritəsi nümayiş olunur. Təəsüflər olsun ki, ölkəmizdə kibertəhlükələr və infeksiyalar artmaqda davam edir və bunun müxtəlif səbəbləri var. Kibertəhlükəsizliyi ənənəvi qaydada artıq idarə etmək mümkün deyil, “Microsoft” seminar çərçivəsində hazırladığı daha müasir və mərkəzləşdirilmiş kibertəhlükəsizlik həllərini nəzəri qaydada iştirakçılara təqdim edəcək. Seminar boyunca həmçinin monitorinq məsələləsinə toxunulacaq, ən zəif yer olan - login və parolların mühafizəsindən danışılacaq, mobil telefonların korporativ mühitdə düzgün istifadəsi sahəsində ən yaxşı təcrübələr nümayiş olunacaq, xakerlər tərəfindən müəssisədən məlumatların oğurlanmasının qarşısını almaq üçün hazırlanmış həllər nümayiş olunacaq”, - deyə Qacay Mirzəyev bildirib. “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Kibertəhlükəsizlik həlləri üzrə Seminar”, “Regional İnternet İdarəçilik Forumu”, “Uşaqların İnternetdə Təhlükəsizliyi”, “Hackaton” müsabiqəsi, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “İSO 27001” üzrə “Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidməti” respublika elmi-praktiki seminar və bu kimi mövzularda tədbirlər təşkil ediləcək.