“Azərxalça” Nardaranda xalçaçılıq ənənələrini bərpa edir


Digərləri 11 Mar 2019 16:53:00 305 0

“Azərxalça” Nardaranda xalçaçılıq ənənələrini bərpa edir

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filialı yaradılıb.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filialı yaradılıb. “Azərxalça”dan Trend-ə verilən məlumata görə, bu filial ötən ilin sonunda fəaliyyətə başlayıb. Burada, əsasən, Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Martın 11-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Nardaran filialının toxucuları ilə görüşüb. Görüşdə filialın direktoru, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli xalçaçı Sürayə Rzayeva məlumat verib ki, hazırda burada 50 nəfərdən çox toxucu çalışır. Bildirilib ki, Bakı qrupuna məxsus çeşnilər minilliklər boyu xalq sənətkarları tərəfindən yaşadılıb. Xalça mütəxəssisləri bu xalçaları yüksək sıxlığına görə dəyərləndirirlər. Bakı xalçaları, əsasən, həndəsi elementlərdən ibarətdir. Hal-hazırda filialda çalışan nardaranlı toxucular qədim xalçaçılıq ənənələrini yaşadır, keyfiyyətli xalçalar toxumağa çalışırlar. Qeyd olunub ki, “Azərxalça”nın digər filiallarında olduğu kimi, Nardaran filialının toxucuları üçün də tədris-hazırlıq kursları təşkil olunub. Kurslara 150 nəfərdən çox toxucu cəlb edilib. Bu kurslarda xalçaçılığın sirlərinə yiyələnən gənc toxucu Günəş Nəbizadə deyib ki, xalçaçılığın inkişafına göstərilən diqqət və qayğıya, işlə təmin olunduqlarına görə dövlətimizə minnətdardırlar: “Biz gənclər milli dəyərimiz olan xalçaçılığı yaşatdığımıza görə qürur duyuruq. Bu imkanı bizə yaradan Prezidentimiz xalçaçılıq sənətinin hamisidir. Dövlət başçımız “Azərxalça”nın filiallarının açılışlarında iştirak edir, xalçaçılarla görüşür. Bizim kollektivimiz də həmin günü səbirsizliklə gözləyir”.