Ölkədə mehmanxana, kinoteatr hərraca çıxarıldı (FOTO)


Digərləri 11 Mar 2019 14:35:00 198 0

Ölkədə mehmanxana, kinoteatr hərraca çıxarıldı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac aprelin 9-u keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac aprelin 9-u keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə özəlləşmə prosesinə ümumilikdə 93 dövlət əmlakı çıxarılıb. Onlardan 15-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 6-sı qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 35-i isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılmış kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9.2 min kv.m intervalındadır. Onlar arasında yüksək iqtisadi potensiallı və investorlar üçün maraqlı ola biləcək kifayət qədər dövlət əmlakları var. Misal olaraq, Şabranda Dəvəçi mehmanxanasını, Lənkəranda Mexaniki Təmir Zavodunu, Goranboyda Yardımçı təsərrüfatı və digərlərini göstərmək olar. Astaradakı kinoteatr fəaliyyətini xidmət sahəsində qurmaq istəyən sərmayəçilər üçün maraqlı əmlakdır. Astara şəhəri, Azərbaycan küçəsində yerləşən bu dövlət əmlakının ümumi faydalı sahəsi 442.6 kv.m-dir. Obyekti özəlləşdirmək istəyən şəxs ondan həm hazırkı, həm də seçdiyi digər biznes sahəsi üzrə fəaliyyətdə gəlir əldə edə bilər. Bərdə, Şirvan, Lənkəran, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca “Əli Bayramlı Kəndnəqliyyat”, “Lənkəran Taxıl” kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri çıxarılıb.