Cahangir Hacıyevin məhkəməsində şahid: "Bankda sənədlərə qol çəkdim, lakin pulu görmədim"


Digərləri 11 Mar 2019 13:15:00 351 0

Cahangir Hacıyevin məhkəməsində şahid: "Bankda sənədlərə qol çəkdim, lakin pulu görmədim"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mənsur Zeynalov ifadə verib.

Məhkəmədə elan olunub ki, M.Zeynalov daha əvvəl D.Xəlilovla birgə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il, Ali Məhkəmə isə 2 il 6 aya endirib.

M.Zeynalov dindirilən zaman qeyd edib ki, D.Xəlilovun "General Construction" şirkətində hüquqşünas vəzifəsində çalışıb: "Şirkətdə işim müqavilələri tərcümə etmək olub. 2007-ci Dünyamin Xəlilov "Kondor Qrup" MMC şirkətini yaratdı və məni həm təsisçi, həm də icraçı direktor təyin etdi. Sonra adıma kreditlər götürüldü. Mən ancaq sənədlərə qol çəkmişəm. Bütün göstərişləri də Dünyamin Xəlilov vermişdi".

Suallara cavab verən M.Zeynalov bildirib ki, ixtisasca hüquqşünas olmayıb: "Zalda əyləşən bir neçə təqsirləndirilən şəxsi tanıyaram. Onlar formal olaraq şirkət rəhbərləri olub".

Daha sonra şahid qismində Fərhad Əmiraslanov ifadə verib. Bu şəxs də D.Xəlilovla birgə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun cəzasını 2 ilə endirib.

O, "General Construction" şirkətinin tikinti mütəxəsisi vəzifəsində çalışdığını söyləyib: "Sonra Dünyamin müəllim adıma "Aqora" MMC-ni yaratdı. Onun istəyi ilə bir neçə kredit sənədlərinə qol çəkmişəm. Şirkətdə rəhbər vəzifəm formal olub".

Məhkəmədə elan olunub ki, F.Əmiraslanov Beynəlxalq Bankın 7 kredit müqaviləsinə qol çəkib və adına 10 milyon manata yaxın pul götürülüb.

Təqsirləndirilən D.Xəlilov deyib ki, "Aqora" MMC-yə ayrılan pullar layihələrə xərclənib.