Bəzi qadınlar üçün natamam iş günü müəyyən edilməlidir


Digərləri 11 Mar 2019 12:58:00 237 0

Bəzi qadınlar üçün natamam iş günü müəyyən edilməlidir

Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə Mingəçevir şəhərində keçirdiyi seminarda bildirilib.

Tədbir "Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularına həsr olunub. Seminarda Xidmətin Yevlax, Goranboy, Naftalan rayonlarını və Mingəçevir şəhərini əhatə edən 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlər iştirak edib.

Qeyd olunub ki, əmək qanunvericiliyi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, işçilər arasında cinsi ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.