“... Cahangir elə ilk gündən bilirdi”


Digərləri 11 Mar 2019 09:52:00 261 0

“... Cahangir elə ilk gündən bilirdi”

Məşhur “Qara kəmər” əməliyyatından 14 il ötüb

Məşhur "Qara kəmər" əməliyyatından 14 il ötüb.

Son.az musavat.com saytının hazırladığı yazını təqdim edir:

2005-ci il martın 10-da MTN-in (ləğv edilib) keçirdiyi əməliyyat nəticəsində Hacı Məmmədov və onun bandası ifşa olundu. Hacı Məmmədov törətdiyi cinayətlərə görə ömürlük həbsə məhkum olunmuş şəxs kimi Qobustan həbsxanasına göndərilmədi.

O, 10 il qanunsuz olaraq MTN-in istintaq təcridxanasında saxlanıldı. Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov vərəmli məhkumlar üçün cəzaçəkmə müəssisəsinə köçürüldü və 2017-ci ilin dekabrında orada asılmış meyiti aşkar olundu. Hacı Məmmədovun belə bir ölümlə həyatdan gedəcəyi gözləntiləri "Qara kəmər"dən sonra baş verənləri izləyənlərdə vardı.

"Qara kəmər" əməliyyatı (10 mart 2005-ci il) "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun evinin kandarında öldürülməsindən (2 mart 2005-ci il) 1 həftə sonraya təsadüf edib. Elmar Hüseynov qətlə yetirildiyi zaman "Beynəlxalq Bank"ın o dövrdə idarə heyətinin sədri olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacı Məmmədovun dəstəsinin girovluğunda idi. Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən oğurlanmışdı. Xanım Hacıyevanın azadlığı üçün onun yoldaşından 20 milyon avro tələb olunurdu...

"Qara kəmər" 14 il əvvəl keçirilsə də, bu günə kimi üzərindən sirr pərdəsi götürülməyən cinayətlər qalmaqdadır. Hacı Məmmədov məhkəməsində yarımçıq ifadələr verməklə bir çox səs-küylü cinayətlərə aidiyyətinin olmasına işarə vurur, amma konkret fikir söyləməkdən yayınırdı. Onun bandasının cinayətlərinin tam araşdırılmaması bu gün də dartışılan mövzulardandır. Belə müşahidələr var ki, banda sifarişli qətlləri icra edəndən əvvəl və ya sonra adam oğurlayıb, ona belə bir hüquq tanıyıblar. İstintaqın qənaətinə görə, Hacı Məmmədovun rəhbərliyi altında 1994-cü ildən başlayaraq 10 il ərzində sifarişli qətllər icra olunub, adamlar oğurlanıb. Belə fikirlər də var ki, banda 1994-cü ildən əvvəl də cinayətlər törədib, lakin həmin cinayətlər Hacı Məmmədovun kriminal dosyesinə əlavə edilməyib. Ümumilikdə cinayət işində qətllərə, adam oğurluqlarına, quldurluğa, qarətlərə, saxta sənədlərin hazırlanmasına, vergidən yayınmaya və sairə aid 60-a yaxın epizod var.

Hacı Məmmədov məhkəməsində bandasının osminoqun 1 ayağı olmasını deməklə özünün yalnız icraçı olduğunu söyləmişdi. Onun bu fikirləri digər bandaların da fəaliyyətdə olmasıhaqda yayılan məlumatları bir daha təsdiqləmişdi.

Hacı Məmmədovun bandası 1996-cı ildə iş adamının oğlu Elşad Həsənov oğurlayıb və onun azad edilməsinə görə 120 min dollar tələb edib. Növbəti il iş adamının oğlu Ülvan Bağırov oğurlanıb və azad edilməsinə görə 850 min dollar alınıb. Hacı Məmmədovun həmin il oğurladığı digər şəxs dostunun oğlu İlham Qədimzadə olub. 1997-ci ildə azad edilməsinə görə 180 min dollar alınıb. 1998-ci ildə çeçenlər Şirxan Albıyevi, Ruslan Ukuşov və Boris Eyyubovu qətlə yetirib. Həmin il 2 iş adamının oğlu oğurlanıb. Cavid Manafovun azad edilməsinə görə yaxınlarından 650 min dollar alınıb. Dövlət Sığorta Şirkətinin sədrinin oğlu Əhməd Məmmədovun azadlığa buraxılması üçün yaxınları 850 min dollar ödəyiblər.

1 il sonra -1999-cu ildə Süd zavodunun direktoru Zeynalabdin Babayevin oğurlanıb. 450 min dollar ödədikdən sonra banda üzvləri onu azad ediblər. Xətai rayon prokurorunun köməkçisi Oqtay Babayevin oğurlanması və 2000-ci ildə azad edilməsinə görə 850 min dollar alınıb. 2001-ci ildə Hacı Məmmədov həmkarı, DİN Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı Azər İsmayılov oğurlayaraq Keşlədəki evinə aparıb, orada işgəncələr verməklə qətlə yetirib. Yasamal rayon prokurorunun köməkçisi Murad Kazımovun oğurlanması və 2001-ci ildə azad edilməsinə görə yaxınları 950 min dollar verməli olublar.

2002-ci ildə Hacı Məmmədov dostu, tanınmış kriminalist Rövşən Əliyevin qətlinə imza atıb. Rövşən Əliyev onun bandasının izinə düşdüyünə görə həyatla vidalaşmalı olub. 2003-cü ildə iş adamı Hafiz Məmmədovun atası oğurlanıb və oğlundan 2 milyon avro və 200 min dollar alınıb. Növbəti il DİN-in sabiq polkovnik Fətulla Hüseynov evini kandarında qətlə yetirilib.