"Səhnə sənindir, bacarırsansa, özünü göstər" Debüt FOTO


Kriminal 10 Mar 2019 23:05:00 201 0

"Səhnə sənindir, bacarırsansa, özünü göstər"  Debüt  FOTO

Aygün Fətullayeva: Arzuladığım rolları zamanında oynamaq istəyirəm 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Gənclərlə söhbət maraqlıdır. Yeni fikir, yeni nəfəs, yeni sima, yeni ideya və yeni baxış bucaqları var. Bu dəfəki müsahibim Fətullayeva Aygün də məhz o gənclərdəndir. 3 ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Bu illər ərzində irili-xırdalı bir çox rollar oynayıb. Teatrın səhnəsində hazırlanan "Mənim ağ göyərçinim"də şagird, "Məhv olmuş gündəliklər"də Anjelin dublyoru, "Buratinonun macəraları"nda qaraçı, "Qohumlar"da  Artemida, "Uzuncorab Peppi"də Annika, "Məlikməmməd"də Dilşad, "Çipollino"da Turp, "Qulliver cırtdanlar ölkəsində"də xəzinədar, "Qar kraliçası"da Gerda, "Çeburaşka"da Tobik,  "Bremen musiqiçiləri"ndə Şahzadə və başqa obrazlara həyat verib.

2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub. Tələbəlik illərində həvəskar səhnələrdə bir çox obrazlar canlandırıb. Qısametrajlı filmlərdə fərqli obrazlarla yadda qalıb.

- Universitetə daxil olanda, tədris ocağını necə təsəvvür edirdiniz? O təsəvvürlərin puç olduğu anlar oldumu?

- Universitetə daxil olanda düşünürdüm ki, filmlərdəki kimi, təhsil ocağının hər qapısını açanda, yaradıcı məşqlərin, proseslərin şahidi olacağam. Əslində universitetdə o mühit az da olsa vardı. Mən şagird olarkən bacım İncəsənət Universitetində təhsil alırdı. Ona görə həmin ab-hava ilə əvvəlcədən tanış idim. Universitetə qəbul üçün öncədən məşqlərə gedirdim. Orada təhsil alarkən heç də xəyal qırıqlığına uğramamışam. Ancaq dərslərin daha səmərəli keçməsini istərdim.    - Tələbəlik illərində özünüzün hansı tərəflərini kəşf etməyə başladınız?

- Əslində mən tələbə olanda deyil, işləyəndən sonra özümü, yaradıcı keyfiyyətlərimi kəşf etdim. Düzdür, dərs prosesində öyrəndiyimiz nəzəriyyə bizə çox kömək olur. Ancaq nəzəriyyə bizim bazamız üçün lazımdır. Əsas təcrübədir. İşləyəndən sonra başa düşdüm ki, keçdiyimiz sadəcə praktika olub. Səhnəni daha dərindən mənimsəmək tamam başqa bir aləmdir.   - Niyə teatr? Bu sualı özünüzə vermisinizmi?

- Çünki teatrda özümü rahat hiss edirəm, bura mənə maraqlıdır. Getdiyim məkanlara - bankda, məktəbdə və yaxud başqa bir yerdə olarkən düşünürəm ki, bir müddətlik burda çalışa bilərəmmi? Hiss edirəm ki, mən orda sıxılıram. Texniki və humanitar sahələrdə ömrümü keçirə bilmərəm. Özümü orada heç cür təsəvvür edə bilmirəm. Bu, insanın daxili harmoniyası ilə bağlı olan bir şeydir.

- Özünüzü ifadə etmək üçün teatr sizə nə qədər meydan verir?

- Yetəri qədər. Əgər sən özünü ifadə etməyi bacarırsansa, teatr sənə bunun üçün hər bir imkanı verir və şərait yaradır. Səhnə sənindir, bacarırsansa özünü göstər. Teatrda hansısa senzura yoxdur. Teatrın öz qaydaları var. Onları pozmadığın müddətdə sərbəstlik sənin əlindədir. Yetər ki, buna şərait yaradılsın.   - İlk dəfə peşəkar səhnəyə çıxanda hansı hissləri yaşadınız?

- İlk dəfə "Məhv olmuş gündəliklər" tamaşasında Anjeli dublyorunu canlandırırdım.  Anjeli teatra yeni gəlmiş bir qızdır. Obrazı canlandırdıqca gördüm ki, həqiqətən bu, mənim özüməm. Səhnədə çox həyəcan keçirirdim. Tamaşa bitəndən sonra hər kəs gəlib məni təbrik edirdi. Vaqif müəllim yaxınlaşıb dedi ki, "səhnədə seçilirsən, bir aktrisa üçün bu yaxşı keyfiyyətdir". Mən bundan bixəbər idim. Bilmirdim ki, debütü olan aktrisanı belə təbrik edirlər. Məni təbrik edəndə qəribə gəlirdi. Bu, çox gözəl hisslər idi. İlklər çox önəmlidir. Bünövrəsi iştirakım ilə hazırlanan tamaşalar mənim üçün xüsusilə gözəldir. Sonradan hansısa tamaşaya daxil olanda bilmirsən ki, həmin tamaşa necə yaranıb, hansı proseslərdən keçib. Bir də var ki, bu yaranma proseslərində əvvəldən axıra qədər iştirak edirsən.

- Ondan sonra sizdə sənət eşqi və səhnə hərisliyi yarandı?

- Ona qədər də içimdə teatra sevgi var idi. Zamanla qazanılan, zəhmətlə əldə olunan hər şey daha dəyərlidir. Yetər ki, sən onun sirrini hiss edəsən. O, sehri hiss etdinsə, eşqi gördünsə, bundan sonra səhnəsiz yaşaya bilmirsən.    - Siz birbaşa səhnəyə baş rolla gələn aktrisalar sırasında olmadınız.


Xəbərə aid fotolar