Hanı bu sosial şəbəkənin zəncəfili, istiotu...


Digərləri 10 Mar 2019 21:50:00 227 0

Hanı bu sosial şəbəkənin zəncəfili, istiotu...

Ekspert deyir ki, milli şəbəkəni yaratmazdan əvvəl bunun nə qədər effektiv olacağını hesablamaq lazımdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Müasir ailələrin qlobal miqyasda yaranan tendensiyaların təsirinə məruz qalması və aşınması, əlbəttə ki, bir sıra səbəblərlə əlaqəlidir. Burada sosial-psixoloji, eyni zamanda, İKT-nin sürətli inkişafı nəticəsində meydana çıxan digər spektrli problemlər kontekstindən araşdırmalar aparılmalıdır. Elm və texnikanın inkişaf etməsi, internet məkanın genişlənməsi kimi amillər insanların işini müəyyən qədər yüngülləşdirsə də, bunlar ailədaxili problemlərin yaranmasından yan keçmir. Qeyd etmək lazımdır ki, son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. Tez-tez "sosial şəbəkədə tanış olduğu yeniyetməni zorladı", "qətlə yetirdi", "sosial şəbəkə ailəni dağıtdı" və s. kimi xoşagəlməz xəbərlərin yayılmasının şahidi oluruq. Ancaq təəssüflər olsun ki, beynəlxalq təcrübədə sosial şəbəkələrin bu cür mənfi təsirlərinin qarşısının alınması üçün hər hansı konkret nümunələr yoxdur. Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Sosial şəbəkələrin qadağan edilməsi insan azadlıqlarının boğulması kimi qiymətləndirilir. Bəzən sosial şəbəkələr cəmiyyətlərdə həlli olduqca çətin, bəlkə də mümkün olmayan problemlər yaradır. 

Ancaq buna baxmayaraq, bu problemlərin həlli edilməsi üçün zaman-zaman müxtəlif təkliflər irəli sürülür. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gənclərə mənfi təsirin aradan qaldırılması üçün milli sosial şəbəkələrin yaradılmasını zəruri sayır. Trend-in məlumatına görə, H. Hüseynova bildirib ki, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Komitə sədri bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ tərəflərinin nümayiş olunmasına təəssüfləndiyini söyləyib: "Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısı alınmaz bir prosesdir. İnsanlar ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Buna görə də milli sosial şəbəkələrin, portalların yaranmasına və saylarının artırılmasına ehtiyac yaranır. Eyni zamanda, biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq".