Ailə + Karyera + Sən = Xoşbəxtlik Uğur hekayəsi


Digərləri 10 Mar 2019 21:59:00 370 0

Ailə + Karyera + Sən = Xoşbəxtlik  Uğur hekayəsi

Pərviz Həsənov: "40 yaşımda səhər "budilnik"lə oyanmaq məcburiyyətim olmayacaq" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uğur qazanmaq üçün irəli addım atmağa ehtiyac olmadığını deyir. Bunun üçün onun üsulu başqadır. Bildirir ki, indiki halda uğur qazanmaq üçün cəmiyyətin səndən tələb etdiklərini edib yatırsansa, çox rahat olur. Bunu edə bilməyənlər isə avtomatik olaraq geri düşürlər. Və sən bir də görürsən ki, öndəsən. "Bu xarakterimi hər zaman işimdə də tətbiq etmişəm" - deyən müsahibimiz Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi əmirliyində yaşayan, orada "Weatherford" şirkətində "Neft və Qaz quyularının tamamlanması üzrə sahə mütəxəssisi" vəzifəsində çalışan həmyerlimiz Pərviz Həsənovdur.   Qeyd edək ki, P.Həsənov 1986-cı ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasında (İndiki Neft və Sənaye Universiteti) Qaz-Neft-Mədən fakültəsində mühəndislik üzrə oxuyub.

Bildirək ki, "Xəyalımdakı gələcək" kitabının müəllifi olan P.Həsənov ölkədə olduğu müddətdə eyniadlı təlim və seminarlar da keçir.   - İxtisas seçimi karyera üçün önəmlidir. Ona görə mühəndisliyi seçməyinizlə başlayaq. Bu, öz istəyinizlə olmuşdu?

- İndi əldə etdiklərim 9-cu sinifdə oxuyan Pərvizin xəyallarının reallaşması üzərində qurulan bir həyatdır. Çünki 9-cu sinifdə oxuyanda artıq qarşıma məqsəd qoymuşdum ki, iş adamı olum, gözəl maşın, ev və s. əldə edə bilim. 11-ci sinifdə ixtisas seçimi məqamı gələndə riyaziyyat müəllimim dedi ki, neft sektoruna get, orada xəyallarına çatmaq üçün lazımi məbləği özün qazana biləcəksən. Ona görə bu sektoru seçdim. Mən mühəndislikdən, ümumilikdə neft sektorundan xəyalıma çatmaq üçün istifadə etmişəm. Bu, yaxşı mənada mənim üçün bir vasitə oldu. Oradan əldə etdiyim gəlirlə xəyallarımı gerçəkləşdirmişəm. Məni işləməyə motivasiya edən xəyallarımdır. O istəklərim reallaşandan sonra artıq yeni məqsədlər yarandı.

- İndi hədəfiniz nədir?

- 10-cu sinifdən bu yana günlük planlarımı yazıram. Mənim hər dövrlə bağlı müəyyən hədəflərim olub və onlara çatmaq üçün çalışmışam. Hazırda 32 yaşım var və indi 40 yaşa qədər olan hədəfimə fokuslanmışam. Hədəflərimə görə, 40 yaşımda səhər "budilnik"lə oyanmaq məcburiyyətim olmayacaq. Cəmiyyət məndən işə qaçmağı tələb etməyəcək. Həmin günü necə keçirəcəyimə özüm qərar verəcəm. Hazırkı hədəfim budur və bunun üzərində işləyirəm.

- Bunun üçün necə çalışırsınız ki?

- Hazırda neft sektorunda işləyirəm. Burdan əldə etdiyim qazancla sabit gəlir yaratmağa çalışıram. 40 yaşıma 8 il var. Bu müddətdə qazandığım gəlir, görəcəyim işlər mənə sonrakı həyatımı istədiyim kimi yaşamağa kifayət edəcək. O zaman artıq neft sektorundan uzaqlaşacam.    - Sonra nə etmək fikrindəsiniz?

- Ancaq yaradıcılıqla məşğul olacam. Seminar və təlimlərə daha çox vaxt ayıracam, daha çox insanların həyatlarına toxunacam, onların uğur qazanmaqlarında vasitəçi olacam.

- Deyəsən, bundan xüsusi zövq alırsınız...

- Bəli, çox. Tək özümün deyil, başqalarının uğur qazanmasında müəyyən qədər payımın olması mənə çox böyük motivasiya verir.   - Bu, sizin üçün maraqlıdırsa, deməli, çatdırmaq istədikləriniz çoxdur. Maraqlıdır, təlim və seminarlarınızda karyeralarına yeni başlayanlara əsas nəyi çatdırmağa çalışırsınız?

- Bizdə adətən, insanları belə öyrədirlər ki, dərslərini yaxşı oxu, sonra universitetə qəbul ol. Ardınca da əgər bacarsan, xarici şirkətdə işləməlisən. Alınmasa, Azərbaycanda yaxşı bir şirkətdə gözəl karyera qurmalısan. Burda da gələcəyin yüksək yer menecer vəzifəsi olur. Və bu yolun sonuna çatanda anlayırsan ki, bütün ömrünü kiməsə xidmət etməklə keçirmisən. Hazırda mühəndislik oxuyan gənclərin çoxu bu gün mənim indiyə qədər işlədiyim 3 şirkətdə çalışmaq istəyir. Mən də yola ordan başlayıram, bu şirkətlərdə necə karyera qurmağı göstərirəm. Artıq bişmiş mərhələyə çatanda həm də göstərirəm ki, axtardığınız uğur əslində, bu deyil və onlara əsl xoşbəxtlikdən danışmağa başlayıram.   - Əsl xoşbəxtlik nədir ki?

- Həyatda xoşbəxtlik sanılan bütün məqamlara çatandan sonra öz formulumu formalaşdırdım: Ailə + Karyera + Sən = Xoşbəxtlik. İnsanlar bu formulda üçüncü punktu hər zaman təxirə salırlar. Buna görə də nə qədər uğurlu ailə həyatı və karyeraları olsa da, daxillərində həmişə bir boşluq olur. O boşluq özləridir. İnsan günün ən azı 1 saatını özünə ayırmalı və onu xoşbəxt edən fəaliyyətlərlə məşğul olmalıdır. 24 saatını yalnız karyerasına və ailəsinə sərf edən insan heç vaxt xoşbəxt ola bilməz. Evdə xanımım ən azı bir saatlığına uşaqları məndən uzaqlaşdırır və otaqda tək qalıram. Bu zaman dilimini özümü yaxşı hiss elətdirən bütün hobbilərimlə məşğul oluram: rəsm, gitara, rəqs, kitablarım, filmlər.


Xəbərə aid fotolar