Dünya əhəmiyyətli tarixi abidə Qarabağlar türbə kompleksi


Digərləri 10 Mar 2019 19:35:00 402 0

Dünya əhəmiyyətli tarixi abidə  Qarabağlar türbə kompleksi

Son.az AZƏRTAC-a istinadən yazını təqdim edir.

Qədim Naxçıvan çoxsaylı abidələri ilə xalqımızın milli mədəniyyətinin yaranmasına və formalaşmasına təsir edən zəngin diyardır. Bu diyarın köksündəki yüzlərlə abidə dünənimizdən bu günümüzə uzanan yolda bu zənginliyin təqdimatçılarıdır. Elə bu yazıda söhbət açacağımız dünya əhəmiyyətli Qarabağlar türbəsi də maddi-mədəni irsimizlə yanaşı, həm də dövlətçilik tariximizi özündə yaşadan abidələrdəndir.

Yenidən həyat bəxş edilən abidə

Muxtar respublikamızın tarixinə uğurlu illərdən biri kimi yazılan 2018-ci il həm də bu tarixi abidənin kompleks şəkildə bərpadan sonra istifadəyə verilməsi ili kimi daim xatırlanacaq. Qeyd etmək lazımdır ki, Qarabağlar türbəsi əsrlərdir tarixin və təbiətin ağır sınaqları ilə üz-üzə qalıb. Abidənin bəzi hissələri uçub dağılsa da, öz mövcudluğunu qoruyub saxlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq, Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar türbə kompleksində bərpa işləri iki il davam edib. Abidə üzərində bərpa işləri elmi və tarixi əsaslarla aparılıb. Ötən dövrdə muxtar respublika rəhbərinin müvafiq sərəncamına əsasən yaradılan "Qarabağlar türbə kompleksi" tədqiqat qrupu kompleksin tarixi ilə əlaqədar yeni faktlar aşkara çıxarıb, abidənin tarixi, kitabələri, memarlıq xüsusiyyətləri, etnoqrafiyası, "Qarabağlar" sözünün mənşəyi və etimologiyası, türbə və onun ətrafındakı epiqrafik, arxeoloji və tarix-memarlıq abidələri, keramikası haqqında məlumatlar toplayıb. Həmin məlumatlar əsasında türbə kompleksi və ətraf ərazilərlə əlaqədar yeni elmi nəticələr əldə olunub.

Naxçıvan memarlıq sənətinin tarixi nümunəsi

Onu da xatırladaq ki, Qarabağlar türbə kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını türbə təşkil edir. Bu türbə qülləvarı xatirə tikintilərinə aiddir və on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində müqəddəs "Qurani-Kərim"in "əl-Mumin" surəsindən 16-cı ayənin son hissəsi yazılıb.