"3 qardaşım xərçəngdən dünyasını dəyişib, diqqətli olmalıyam" Məşhur azərbaycanlı teleaparıcının sağlamlıq resepti VİDEO FOTO


Şou-biznes 10 Mar 2019 07:22:00 229 0

"3 qardaşım xərçəngdən dünyasını dəyişib, diqqətli olmalıyam"  Məşhur azərbaycanlı teleaparıcının sağlamlıq resepti  VİDEO  FOTO

Onun haqqında "yaşı olmayan qadın" deyirlər. İllərə meydan oxuyur. Uzun illər Azərbaycan Televiziyasında diktor, aparıcı və jurnalist kimi fəaliyyət göstərən əməkdar artist Nailə İslamzadə artıq 12 ildir AzTV-dən uzaqlaşmasına baxmayaraq, bu gün də bu televiziyanın siması kimi sevilir. Nailə İslamzadə televiziyada işlədiyi müddətdə "Xəbərlər" proqramının əsas aparıcılarından biri, rəsmi tədbirlərin, verilişlərin, on il ərzində isə tamaşaçıların bu gün də xatırladığı məşhur "Ailələr, talelər" verilişinin müəllifi və aparıcısı olub. İllər onu televiziyadan uzaqlaşdırsa da, gözəlliyindən zərrə ala bilməyib. Son.az bildirir ki, bunun sirrini isə Nailə İslamzadə medicina.az-la bölüşüb.

Beləliklə, "Məşhurların menyusu"nda növbəti qonaq əməkdar artist Nailə İslamzadədir.

- Nailə xanım, sizi efirdə necə görmüşüksə, indi də eləsiniz. Bunun sirri nədədir? Formanızı qoruyub saxlamaq üçün xüsusi reseptiniz var?

- Əvvəla, gərək, insanın ruhu sağlam olsun. Amma deyirlər, sağlam bədəndə sağlam ruh olar. Mənə elə gəlir ki, hər ikisi bir-birinə bağlıdır, ayırmaq olmaz. Mənim zərərli alışqanlıqlarım yoxdur. Məsələn, siqaret çəkmirəm. Qazlı, şirin sulardan istifadə etmirəm, çünki sağlamlığa zərərdir. Hər səhər yuxudan duranda zəncəfilli limonlu su içirəm. Sonra da bir stəkan sadə su. Ondan sonra yeməyimi yeyirəm. Çox yağlı yeməkləri sevmirəm. Kolbasa və sosis məmulatlarından heç istifadə etmirəm. Ona görə yox ki, zərərlidir. Sadəcə, sevmirəm. Mən istəsəm də yağlı ət yeyə bilmərəm, istəsəm də kolbasa, sosis dada bilmərəm. İçki içmirəm, amma qırmızı şərabı çox sevirdim vaxtilə. Çünki uşaq vaxtından evimizdə - biz Balakəndə yaşayırdıq - rəhmətlik qardaşımın xəstələri Gürcüstandan gəlib, həyətimizdəki gözəl qoxulu üzümdən şərab düzəldirdilər. Ona görə qırmızı şərabı çox sevirdim. Fransız, italyan şərablarını, bizim evdə düzələn şərabları... Amma 10 ildir namaz qıldığım üçün şərab içmirəm.   - Özünüzə yasaqladığınız daha nələr var qida rasionunuzda?

- Məndə şübhə yaradan şirniyyatdan heç vaxt istifadə etmərəm. Dadı yaxşı olsa, o zaman bir qədər dada bilərəm. Əsasən, evdə hazırlanan şirniyyatlara üstünlük verirəm. Ümumiyyətlə, mən kənarda çox yemirəm. Evdə yeməyə üstünlük verirəm. Bizim rayonda gürzəni çox gözəl bişirirlər. Evdə özüm hər cür yemək hazırlayıram. Xəmir xörəklərini, əsasən də gürzəni yaxşı hazırlayıram.   - Bəs əsasən necə qidalanırsınız?

- Sevdiyim hər şeydən istifadə edirəm, ancaq qədərində. Hər şeyin çoxu ziyandır. Amma az-az olarsa, ziyan etməz. Şəkər tozundan çox az istifadə etməyə çalışıram. Çox dadlı olarsa, ürəyim çəkərsə, şirniyyat yeyirəm. Ümumiyyətlə, şirniyə qarşı mənim o qədər zəifliyim yoxdur. Allah məni elə yaradıb ki, zərərli şeyləri ürəyim istəmir.

Səhərlər yumurta yeyirəm, yağ da ola bilər. Amma yağ gərək keyfiyyətli olsun. Bir özəlliyim də var ki, mən bir şeydən çox yeyə bilmirəm. İnsan gərək özünü öyrətsin ki, hər şeydən, amma az-az yesin. Mənim çəkim son 30 ildir ki, 70-74 arası dəyişir. Boyum 170-dir. Amma daha hündür görünürəm.   - Bəziləri sağlamlıq reseptlərini nənələrindən-babalarından alır. Bəs siz yaşlı nəsildən hansısa tövsiyələr almısınız?

- Mənim anam kolbasa məhsullarından istifadə etmir. İbadət edən qadın olub. Bəlkə də ondan müəyyən şeylər mənə keçib. Amma nənədən-babadan qalan xüsusi bir resept yoxdur.

Özümün istifadə etdiyim bir resepti sizinlə də bölüşə bilərəm: Hər axşam bir stəkan suya 1 çay qaşığı darçın və yarım çay qaşığı bal qarışdırıb, yarısını axşam, yarısını da səhər içmək yaxşıdır.

- Bəs hansı idman növləri ilə məşğul olursunuz?

- Mənim əsas idmanım yeriməkdir. Hələ Bulvarın köhnə vaxtlarından hər gün 5-6 kilometr piyada gəzirdim. Bu, mənə ruh verirdi. Mən yeriməsəm, elə bil, nəsə çatmırdı. Son 3 ildi ailə vəziyyətimlə bağlı çıxa bilmədim, işin gərginliyi ilə əlaqədar alınmadı. Evdə qaçış trenajorundan istifadə etməyə başladım. Amma istəyirəm, Bulvar yürüşlərini yenə bərpa edim.

Evdə qantellərdən istifadə edirəm. Lentlərim, müəyyən xırda alətlərim var. Bununla yanaşı, tennislə, üzgüçülüklə də məşğul olmuşam.    - İdmanla nə vaxtdan məşğul olursunuz?

- 2007-ci ildən. Həmin ilə qədər mən heç bir idman növü ilə məşğul olmamışam. Düzünü desəm, formada qalmaq o qədər də asan deyil. Gərək həmişə baxımlı olasan. Bu, mənim həyat tərzimə çevrilib. Çünki mən formada olmasam, küçəyə çıxa bilmərəm. Forma nəyə deyilir? Mən həmişə beləyəm. İstəsəm də, istəməsəm də mənim formam budur. Özümü başqa cür təsəvvür də etmirəm. Bu kosmetikanın çoxluğundan deyil. Mən adətən kosmetikadan çox istifadə eləmirəm. Sadəcə, səliqəliyəm və sağlam qidalanıram.    - Gənc xanımlara sizin kimi gənc və gözəl qalmaq üçün nə tövsiyə edərdiniz?

- Təbii ki, insan ilk növbədə özünü sevməlidir, özündən razı qalmalıdır ki, başqaları da ondan razı qalsın. Amma bu sevgi təkəbbür anlamına gəlməsin. Təkəbbürlü olmaq başqa şeydir, özünü sevmək başqa. Hər bir qadın baxımlı olmalıdır. İlk növbədə 30-35 yaşından sonra təbii ki, üzdə olan kollagenlər, elastinlər azalır və bunların yerini doldurmaq lazımdır. Ancaq aşırı istifadə hamını bir-birinə oxşadır. Bu səbəbdən son zamanlar hamı bir-birinə bənzədir. Görürsən üz, dodaq, qaş, göz hamıda eynidir. İndividuallığı saxlamaq üçün bəzəkli tatuajdan-filan az istifadə etmək lazımdır. Özüm də edirəm və hər bir qadına da tövsiyə edirəm ki, qış vaxtında pilinqlərdən istifadə etsinlər və üzü nəmləndirsinlər.    - Xanımlarla bölüşmək istədiyiniz xüsusi bir maska resepti varmı?

- İstifadə etdiyim xüsusi maska yoxdur. Amma bir sıra maskalar var ki, onlardan mütəmadi istifadə etmək olar. Xanımlar hər il pilinqdən və digər kosmetoloji prosedurlardan istifadə etsinlər. Kremlər müvəqqəti effekt verir. Amma kosmetoloji prosedurlar daimidir. İnsanın gənc qalması kosmetoloji vasitələrdən əlavə, onun sürdüyü  həyat tərzindən, düşüncələrindən, pozitivliyindən, başqalarına bəslədiyi münasibətdən, daxili aləmindən  də asılıdır. İnsan gərək ürəyində kin saxlamasın. Şükür, Allah elə yaradıb ki, məndə paxıllıq hissi heç yoxdur. Mən indiyə qədər heç bir qadına paxıllıq etməmişəm. Bağışlamağı bacarmaq lazımdır. Ürəyini təmiz saxlamalısan. Bəzən elə düşünürlər ki, pis insana necə yaxşılıq etmək olar. Kimisə bağışlamasan, ilk növbədə özün üçün çətin olacaq. Hər kəsə özünün istədiyi kimi olmaq şansını vermək lazımdır. Heç kəsin düşündüyünə qadağa qoymaq olmaz.

Gözəllik bütün bunların məcmusudur. İnsan paxıl olmayanda həyata baxışı dəyişir. Yaşamaq çox rahat olur. Bəziləri gözəl qadın görəndə üzlərini çevirirlər, paxıllıq edirlər. Bəzən də elə olur ki, qadın çox gözəl olur, amma üzündə elə bir ifadə var ki, insana xoş təsir bağışlamır. İnsanın hərəkətləri, gülüşü də əhəmiyyətlidir. Geyimi, özünü aparmağı, savadı, üzünün mimikası, hərəkətləri, tərzi, ən əsas savadı və dünyagörüşü onu gözəl göstərir. İnsanın, xüsusən də aparıcının gözlərində işıq olmalıdır. Bu işıq savaddan yaranır. O olmasa, gözlər key baxışlarla baxır və insanı özünə cəlb edə bilmir. Bunlar hamısı söylədiyiniz gözəllik anlayışının içindədir.

- Sizin haqqınızda "yaşı olmayan qadın" deyirlər. Bu ifadəyə necə yanaşırsınız? Sizcə, qadın yaşını gizlətməlidir, yoxsa o elə hər yaşda gözəldir?


Xəbərə aid fotolar