Şagirdlərin bacarıqlarını müəyyən edən Hovard Qardner nəzəriyyəsi –


Digərləri 09 Mar 2019 23:50:00 403 0

Şagirdlərin bacarıqlarını müəyyən edən Hovard Qardner nəzəriyyəsi –

Bir çoxlarımız bilirik ki, insanlar öyrənmə yollarına görə 3 ümumi kateqoriyaya bölünür: vizuallar, audiallar və kinestetiklər. 

Son.az azedu.az-a istinadən bildirir ki, adı çəkilən bu üç ümumi kateqoriyadan başqa insan potensialına dair bir çox nəzəriyyə və yanaşmalar yaradılmışdır. Bunlardan biri Harvard Universitetinin təhsil üzrə professoru Doktor Hovard Qardner tərəfindən irəli sürülmüş çoxşaxəli  intellekt nəzəriyyəsidir. Qardnerin ilkin olaraq psixologiya, daha sonralar isə insan idrakı sahəsində apardığı tədqiqat işləri 6 ilkin intellekt növünün müəyyən olunmasına gətirib çıxarmışdır. Bu gün artıq 9 intellekt növü barədə danışırıq, lakin bu siyahının yeni intellekt növləri ilə genişlənəcəyi də istisna deyil. Bu intellekt növləri fərdin unikal qabiliyyətlərini və onun intellektual bacarıqlarını hansı formada nümayiş etdirməyi üstün tutmasını müəyyən edir.

Qardnerin çoxşaxəli intellektləri

Verbal-linqvistik intellekt(yaxşı inkişaf etmiş verbal qabiliyyət və sözlərdə səslərə, mənaya və ritmə həssaslıq). Məntiqi-riyazi intellekt(konseptual və abstrakt düşünmə qabiliyyəti; məntiqi və ədədi patternləri (nümunələri) tanımaq və seçmək bacarığı). Məkan-vizual intellekti(şəkil və rəsmlər ilə düşünmək, dəqiq və abstrakt şəkildə vizuallaşdırmaq bacarığı). Bədən-kinestetik intellekti(şəxsin öz bədən hərəkətlərini və əşyaları məharətlə idarə etmək qabiliyyəti). Musiqi-ritmli intellekt(ritm, keyfiyyətli səs və keyfiyyətli ton yarada bilmək və musiqini dəyərləndirə bilmək qabiliyyəti). Şəxslərarası intellekt (digərlərinin əhval-ruhiyyəsi, motivasiyası və istəklərini müəyyənləşdirə bilmək və ona uyğun şəkildə cavab vermək qabiliyyəti). Fərddaxili intellekt(fərdin öz daxili hissləri, dəyərləri, inancları və düşünmə proseslərini anlaması və onları aydın şəkildə hiss etmək qabiliyyəti). Naturalist intellekt(bitkilər, heyvanlar və təbiətdəki digər obyektləri müəyyənləşdirmək və kateqoriyalara bölə bilmək qabiliyyəti). Ekzistensial intellekt(insan varlığı barədə dərin suallar vermək qabiliyyəti: Həyatın mənası nədir? Biz niyə ölürük? Biz bu planetə necə gəlmişik? və s.

Verbal-linqvistik intellekt ("söz sərrafı" və ya "ziyalı")

Bu intellekt növünə dil vasitəsilə (oxumaq, yazmaq və danışmaq vasitəsilə) əldə edilən "bilgi" daxildir. Həm yazıda, həm də şifahi nitqdə sözlərin mənası və sıralanmasını anlama və dildən düzgün istifadənin yollarını bilmək verbal-linqvistik intellektin göstəricilərinə aid edilir. Bura həm də dilin sosial-mədəni xırdalıqlarını anlama, idiomlar, söz oyunları və linqvistik yumor da daxildir. Əgər sizdə bu intellekt növü güclü inkişaf edibsə, o zaman sizin oxumaq, danışmaq və yazmaq bacarıqlarınız da güclü inkişaf etmişdir və siz sözlər vasitəsilə düşünürsünüz. Yəqin ki, müxtəlif janrlarda ədəbiyyat oxumağı, söz oyunları oynamağı, şeirlər və hekayələr yazmağı, insanlarla müzakirələrdə iştirak etməyi, diskussiya aparmağı, formal çıxışlar etməyi, yaradıcı yazılar yazmağı və zarafat etməyi sevirsiniz. Böyük ehtimal ki, siz özünüzü aydın ifadə edir və digərləri bunu etməyi bacarmayanda qıcıqlanırsınız! Siz yeni sözlər öyrənməyi sevir, yazılı işlərdə yaxşı nəticələrə nail olur və oxuduğunuz hər şeyi yaxşı qavrayırsınız.

Məntiqi-riyazi İntellekt ("riyazi" beyinli və ya "məntiqli")

Bu intellekt növünə malik insanlar həyatımızda baş verən müxtəlif patternləri tapmaq və anlamaq üçün rəqəmlər, riyaziyyat və məntiqdən istifadə edir. Belə patternlərə düşüncə patternlərini, vizual patternləri, rəng patternlərini daxil etmək olar. Məntiqi-riyazi intellekt növü real həyatdakı konkret patternlərlə başlayır, lakin gördüyümüz bütün patternlər arasındakı əlaqələri başa düşməyə çalışdıqca, get-gedə abstraklaşır. Əgər siz məntiqi-riyazi intellektə maliksinizsə, onda daha çox konseptual və abstrakt düşünməyə meyillisiniz, həmçinin digərlərinin gözdən qaçırdığı patternlər və əlaqələri görməyi bacarırsınız. Yəqin ki, təcrübələr aparmağı, tapmacalar və məsələlər həll etməyi, kosmik suallar verməyi, mövcud şəraiti və insanların davranışlarını təhlil etməyi sevirsiniz. Böyük ehtimal ki, siz, rəqəmlərlə və riyazi düsturlarla işləməyi, riyazi əməliyyatlar aparmağı xoşlayır, eləcə də mürəkkəb məsələləri həll etməyin gətirdiyi çətinliyi sevirsiniz. Siz sistemli və mütəşəkkil xarakterə malik olmaqla yanaşı, həm də etdiyiniz hər bir hərəkət və düşüncənizi həmişə məntiqlə əsaslandırmağı, hərəkət və düşüncələrinizin "niyəsini" izah etməyi bacarırsınız.

Məkan-vizual intellekti ("incəsənət hissi olan" və ya "təsvir etməyi bacaran")

Biz tez-tez "Bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşıdır" və ya "Görəndə inanaram" kimi cümlələrdən istifadə edirik. Bu intellekt növü gözlərimizlə gördüyümüz forma, şəkil, model, dizayn və teksturalar vasitəsilə, həm də bizim xəyalımızda canlandıra bildiyimiz bütün şəkillər vasitəsilə əldə olunan "biliyi" təmsil edir. Əgər sizdə bu intellekt növü güclü inkişaf edibsə, siz şəkillər və rəsmlər vasitəsilə düşünməyə meyillisiniz. Eləcə də, ətrafınızdakı müxtəlif obyekt, forma, rəng, teksturalar və modelləri çox yaxşı fərqləndirirsiniz. Siz maraqlı dizayn və modellər çəkməyi, rəngləməyi, parçalarla, çertyojlarla, rəngli markerlər və gillə işləməyi sevirsiniz. Məkan-vizual intellekti güclü olan fərdlər pazllar quraşdırmağı, xəritədən istifadə etməyi və ilk dəfə olduqları məkanlarda yolu özləri tapmağı xoşlayırlar. Həmçinin siz hansı rənglərin bir-birinə yaraşdığı, hansı teksturaların daha xoşagələn olması və otağın necə bəzədilməli olduğu barədə konkret fikirlərə maliksiniz. Böyük ehtimal ki, siz həmçinin  vizuallaşdırmaq, təsəvvür etmək, zehni şəkillər formalaşdırmaq və s. bu kimi təxəyyül tələb edən tapşırıqların öhdəsindən yaxşı gəlirsiniz.

Fərddaxili intellekt ("Öz daxili aləminə bələd" və ya "güclü introspeksiyası olan")

Bu intellekt növünün mərkəzində bizim özümüzə kənardan baxa bilmək və öz həyatımız barədə düşünə bilmək imkanı yaradan fərdi refleksiya bacarıqlarımız durur. Fərddaxili intellekt həm də introspektiv intellekt adlanır. Bu intellekt növünə əşyaların mənasını, məqsədini və önəmini öyrənməyə bizdə istək yaradan unikal insani meylimiz də daxildir. Fərddaxili intellekt  daxili dünyamız, emosiya, dəyər və inanclarımızı anlamaq və həqiqi ruhsallığa çatmaq üçün müxtəlif axtarışları özünə daxil edir.Əgər bu intellekt növü sizdə güclü inkişaf edibsə, siz tək işləməyi sevirsiniz.  Bu xüsusiyyətiniz bəzən sizi insanlarla ünsiyyətdən  uzaq tuta bilər.

Böyük ehtimal ki, siz düşünən və özünü yaxşı dərk edən şəxssiniz. Elə bu səbəbdən də daxili hissləriniz, dəyərləriniz, inanclarınız və düşünmə proseslərinizə bağlısınız və onlara hər zaman "diqqətlə qulaq asmağa" meyillisiniz. Bir çox hallarda müdrik və gözüaçıq, güclü intuisiyaya malik və bir işi davam etdirərkən xarici motivasiya faktorları ilə yox, daha çox daxili motivasiyaya malik şəxssiniz. Siz iradəli, özünə əmin və demək olar ki, hər bir mövzuda konkret və düşünülmüş fikirlərə malik şəxssiniz. Yəqin ki, digərləri məsləhət almaq və ya çıxış yolu tapmaq üçün tez-tez sizə müraciət edir.

Bədən-kinestetik intellekti (fiziki hərəkətlərində istedadlı olan)

Biz tez-tez "edə-edə öyrənmək" haqqında danışırıq. Bu növ intellekt  fiziki hərəkət və fərdin öz fiziki bədənini yaxşı "bilməsi" vasitəsilə təzahür edir. Məsələn, bədənimiz necə velosiped sürməyi, iki maşın arasında maşını necə saxlamağı, vals oynamağı, atılan əşyanı necə tutmağı, yeriyərkən balansı necə saxlamağı və kompüter klaviaturasında hərflərin harada yerləşdiyini bilməsi kimi fəaliyyətləri necəsə yerinə yetirir (və heç də həmişə şüurlu və məntiqli ağılla yox).