Ceyhun Hacıbəylinin imkansızlıq üzündən məktəbdən qovulan oğlu


Digərləri 09 Mar 2019 23:55:00 211 0

Ceyhun Hacıbəylinin imkansızlıq üzündən məktəbdən qovulan oğlu

Mühacirət həyatının son illərini daha da ağır nisgillə keçirən Ceyhun Hacıbəyli xatirələrində çox xəfif və kövrək bir şəkildə ötənlərə boylanaraq yazırdı: "Doğmalarımdan ayrılmağımın həsrətini bu qırx il ərzində tez-tez çəkirəm. Ən çox da yadıma düşən bacılarımdı. Bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz edirdi. Yadımdadı, mən Fransaya gələndə bacılarım necə acı göz yaşları tökdülər. Anamın dolu gözləri xəyalımdan çəkilmir. Mən onları inandırırdım ki, cəmisi iki aylığa gedirəm. Nə üçün ağlayırsınız? Amma mən özüm də bilmədən onları aldatmışam. İndi məmləkətimdən ayrılmağımın 41 ilini yaşayıram. Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm...".

Son.az azedu.az-a istinadən bildirir ki, bunu yazanda həmin adam az qala 70 yaşı haqlayacaqdı. Amma qürbətə gələndə onun cəmi 28 yaşı var idi. O, Azərbaycan istiqlal mücadiləsinin, azadlıq hərəkatının ən gənc mühaciri olmaqla yanaşı, qürbətdə ən acı və ən çox ömür keçirən bir şəxs kimi yadda qaldı:

1891-ci ilin fevralında Şuşada anadan olmuş Ceyhun bəy nüfuzlu Hacıbəylilər ailəsinin Azərbaycan maarifçiliyinə daha bir hədiyyəsi idi. Əsasən bədii, elmi ədəbiyyat və publisistika ilə məşğul olmasına baxmayaraq, bir şuşalı balası kimi  musiqi sahəsində də qardaşı Üzeyirə kömək edirdi. Şərqin ilk operası olan "Leyli və Məcnun"un ərsəyə gəlməsində onun da müəyyən xidmətləri var. Hətta 1908-ci ildəki ilk premyerada Ceyhun Hacıbəylinin İbni Səlam və Nofəl rolunu da oynadığı deyilir. Amma təbii ki, ictimai arena onu özünə daha çox çəkirdi. Murtuza Nağıyevin maliyyə dəstəyi hesabına əvvəlcə Sankt-Peterburqda,  daha sonra isə o zamanın ən nüfuzlu universiteti sayılan Parisin Sorbonna Universitetində Siyasi işlər fakültəsində  təhsil alıb. Bu təhsil sayəsində Ceyhun bəy geniş dünyagörüş qazanmaqla yanaşı, bir neçə xarici dili də öyrənməyə macal tapdı. Elə bu üzdən də 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Versal sülh konfransında müşaviri təyin olunur. Əlimərdan bəy Topçubaşov komandasının əsas simalarından olan C.Hacıbəyli bundan əvvəl parlamentin rəsmi orqanı olan "Azərbaycan" qəzetində redaktor kimi də öz bacarığını göstərmişdi.

Versal Sülh Konfransı respublika üçün ciddi əhəmiyyət daşıdığından 1919-cu ilin yanvar ayının 7-də orada iştirak edən Ceyhun bəylə birgə bütün heyətə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə "general" mandatı təqdim olunur.

Versala ezam olunan nümayəndə heyəti öz işini çox böyük ustalıqla yerinə yetirir. Fasilələrlə davam edən konfransın yekununda "Antanta"  ittifaqı Azərbaycanın müstəqilliyini tanıyır. Bu, təbii ki, sovet Rusiyasını qəzəbləndirməyə bilməzdi.