Dünyada ilk aclıq aksiyası keçirən şəxsin


Digərləri 09 Mar 2019 22:55:00 242 0

Dünyada ilk  aclıq aksiyası keçirən şəxsin

"İndi soyuq Sibirin uzaq tundralarında, sovet cəlladlarının vəhşi işgəncələrinə davam gətirməyərək vətən mücahidlərinin bəxtinə əcəl camını içmiş şair Əli Yusif hadisələrin inkişafını bu ilhamlı beytlərlə təsvir edirdi:     

Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu  Sübh olmuşdu, fəqət bir oyanan görmədim  Anlamazdı kimsə onun o şübhəli dərdini.  Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim"  

Bu sözlər Azərbaycan Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. O, "Çağdaş Azərbaycan ədəbiyyatı" adlı əsərində Azərbaycan poeziyasının bəlkə də ən nakam şairi və nakam olduğu qədər də öyrənilməyən fədaisi Əli Yusif haqqındakı qeydlərdindən götürülüb. O Əli Yusif ki, heç 40 il də yaşamadı və ən acınaqcaqlısı da odur ki,  38 illik ömrünün az qala tən yarısını sürgün və məşəqqətlərdə keçirdi.

Son.az azedu.az-a istinadən bildirir ki, bu dəfə Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa yolladığı 100 tələbəsindən biri, faciəli ( həm də fədakar)  ömür sürən istiqlal şairi Əli Yusif haqqında danışacağıq.

Buzun dəhşət çaları

1926-cı il... Şair Əmin Abid Gültəkinin "buzlu cəhənnəm" adlandırdığı Salovki sürgün düşərgəsi... Şimal Buzlu Okeanının qonşuluğunda yerləşən bu ərazi SSRİ-in ən ağır cəza yeri, hamının yaddaşında dəhşətin buzlu obrazı kimi qalmaqdadır. 1926-cı il martın 10-da istiqlal uğrunda gizli mübarizəyə görə həbs edilən bir qrup azərbaycanlı gənc Bakı həbsxanasında da öz mücadilələrini davam etdirir. Bunu görən bolşevik təhlükəsizlik nəfərləri onları ən ağır cəza məntəqələrindən biri sayılan Salonikiyə göndərməyi qərara alırlar. Amma onlar yenə də qürurludur. Çünki bu gənclər onları heç nədən qorxmayaraq uzaq və gedər-gəlməz Salovkiyə yola salan həmvətənlərinin, azərbaycanlı kəndlilərin göz yaşının istisinə bürünüb və uzaq Sibir meşələrində də onları bir müddət bu göz yaşının istisi qoruyacaqdı. Kəndlilər ağlaya-ağlaya onlara deyir:

- Sizdən əvvəl gedən qəhrəman gəncliyə Azərbaycan köylüsündən salamlar aparın...

Gənclər sevinirlər ki, onları yola salmaq üçün bu qədər insanlar gəlib. Deməli, Azərbaycan uğrunda mübarizə aparmağa dəyərmiş! Odur ki, qatara minən kimi "şarkı, şarkı" deyərək, bir ağızdan "Ağlama sən, gəlib vətən" mahnısını oxumağa başlayırlar. Onlar bilirlər ki, Şimal buzlu adalardakı meşələrə, şaxtanın içinə,  ağır əmək düşərgələrinə göndərilirlər. Onlar bilirlər ki, özlərindən qabaq Salonikiyə sürgün olunanlar ya ölürlər, ya da ölüyə bənzər bir məxluqa çevrilirlər. Amma aralarında Kələntərli Cabbar, B.Səfizadə, Muradxan Naxçıvani, Abbasqulu, B.Həmid Kəngərli, Səlimzadə və başqa Azərbaycan fədailərinin olduğu bu heyəti ayaq üstə saxlayan nəsə var idi. Onlarla eyni vaxtda Salonikiyə sürgün olunan B. Ağaoğlu adlı istiqlal savaşçısı sonradan yazacağı "Salonikidə gördüklərim" adlı xatirə əsərində bunun səbəbini belə qeyd edəcəkdi:

Salonikiyə çatarkən onları şaxta ilə bərabər şaxtadan da kəsərli və öldürücü olan bir rejim qarşılayır. Əvvəlcə özlərindən əvvəl burada həbsdə olan istiqlal savaşçıları ilə görüşüb qucaqlaşıb ağlayırlar. Məhz şair Əbdürrəhman Dai və onun kimi bir neçə yerli dustağın halını görəndən sonra gələcəklərinə inam tamamilə itir. Çünki onlar artıq o vəziyyətdə idilər ki, fiziki baxımdan həyatdan çox ölümə aid idilər. İlk gün bu qrupu soyuqda üç saat saxlayaraq ac-susuz onlara ağır təlim keçir, Salovki qaydaları ilə tanış edirlər. 40 dərəcə şaxtadan sonra düşərgəyə gətirilən həmvətənlərimiz yerlilərini görən kimi kövrəlirlər. Ağaoğlu kitabında həmin dəqiqəni bu cür təsəvvür edir:

"Bu qrup çox məşəqqətlərə tab gətirə bilir. 18-19 saatlıq ağır əmək, 45 dərəcə şaxtada meşə işləri, aclıq və zəhərli yeməklər istiqlal savaşçılarını tamam əldən salır. Ən pisi də o idi ki, 19 saatlıq ağır əməyin nəticəsində onlara verilən bir parça çörək və balıq şorbasının əzabı daha dözülməz olur. Çünki uzun müddətdir saxlanılan və xarab olan balıqlardan çıxan qurdlar şorbanın üstündə var-gəl edirdilər. 

Növbəti qrup və Əli Yusif

1927-ci il martın əvvəllərində bura azərbaycanlılardan ibarət növbəti qrup gətirilir. Həmin qrupun tərkibində yazının qəhrəmanı Əli Yusiflə bərabər Vəkilli İsfəndiyar, Muin Niyazi,Sultanzadə Mehdi, İmanaə Sadıq, Rizabəyli Nəsrüllah,  Bəkdəmirzadə Muhsin bəy və başqaları da olur. Qrupda əsasən zabit və maarifçi ziyalılar var idi. Əli Yusifin ölüm düşərgəsi olan Salonikidəki faciələrindən, oradakı aclıq aksiyasından danışmamışdan əvvəl onun kimliyi ilə tanış olmamız yerinə düşər.

Əli Yusifin azsaylı araşdırmaçılarından olan Əli  Şamilə istinad edərək deyə bilərik ki, 17 yaşında Şuşa realnı məkətbini bitirdikdən sonra aktiv ictimai-siyasi fəaliyyətə baş vuran şair Müsəlman Xeyriyyə Cəmiyyətində iştirak edir və orada bir sıra lazımı problemlərin həllinə səy göstərir. 1911-20-ci illərdə dövri mətbuatda Əli Yusif və Əli Yusif Rai (yəni, çoban) imzaları ilə çıxış edir.  Cümhuriyyətin ali təhsil almaq üçün xaricə yolladığı 100 tələbədən biri olan Əli Yusif 1920-ci ildə Parisdə Siyasi Elmlər Akademiyasında təhsil alır. 1923-cü ildə Bakıya qayıdan maarifçi artıq fəaliyyət göstərməyən Müsavata sadiqliyi ilə seçilir. Bu sadiqlik onun 1924-cü ildə həbsi ilə nəticələnir. Amma adından bir daha siyasətlə məşğul olmayacağı barədə yazılı qeyd  aldıqdan sonra azad edilir. Buna baxmayaraq, ona təhsil və hürriyyət eşqi verən Müsavata yenidən sadiq qalır, 1925-ci ildə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin əsasını qoyanlardan biri olur. Bununla yanaşı, Azərbaycan Tətbiq və Tətəbbö Cəmiyyətində də çalışır. Bütün bu açıq siyasi fəaliyyətin sonunda o yenidən həbs edilir və bu dəfə "buzlu cəhənnəmə", Şimal Buzlu adalarındakı Saloniki düşərgəsinə göndərilir. O zaman 1927-ci ilin 28 fevralı idi...