Oğurlanan pulları Ukraynaya qaytarmaq niyə mümkün olmur?


Digərləri 09 Mar 2019 20:10:00 213 0

Oğurlanan pulları Ukraynaya qaytarmaq niyə mümkün olmur?

-

Avropa Birliyi Şurası martın 5də Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə və ətrafına qarşı sanksiyaları daha bir il müddətinə uzatdı. Bu sanksiyalar ilk dəfə beş il əvvəl tətbiq edilmişdi. Həmin vaxt Avropa Birliyi Yanukoviçin, oğlanlarının və yaxın ətrafında olan 15 nəfərin aktivlərinin dondurulması barədə qərar vermişdi.

Avropa Birliyi keçmiş prezidenti və adamlarını (adı sanksiya siyahısına düşənləri) Ukraynada insan haqlarını pozmaqda və qanunsuz varlanmaqda ittiham edirdi.

Son.az strateq.aza istinadən bildirir ki, Kiyev "Maydan"ında qanlı etirazlar başlayandan az sonra Yanukoviç silahdaşları ilə birlikdə Moskvada gizləndi. Onların gizli sərvətini isə Qərbdə axtarmağa başladılar. Yeri gəlmişkən, Avropa Birliyi ilə eyni vaxtda İsveçrəylə Lixtenşteyn də Yanukoviç və adamlarına sanksiya tətbiq etmişdi.

Ukrayna istintaqçılarının adıçəkilənlərin ehtimal edilən milyonlarını xaricdə axtarmaq cəhdləri o qədər də uğurlu olmadı. Xaricdə bu pulların yalnız kiçik bir hissəsini tapmaq mümkün oldu. Məsələn, İsveçrə banklarında 145 milyon frank aşkarlandı və donduruldu.

Bu pullar rəsmi Kiyevə yalnız o halda qaytarıla bilər ki, Ukrayna məhkəmələri onların qeyriqanuni yollarla əldə edildiyini təsdiqləyən sübutlar təqdim etsinlər. Hələ ki, cinayət işlərindən heç biri (istintaq yekunlaşmadığı üçün) məhkəməyə göndərilməyib.

Təhqiqatın uzanması sanksiya siyahısına düşənlərdən bir qisminin işinə yaradı. "Qara siyahıda" yer alanların bir neçəsi Avropa Məhkəməsi səviyyəsində hesablarından həbsin götürülməsinə nail oludular.

Mətbuat üzə çıxarıb ki, Yanukoviçin dövründə təyin olunan hakimlər dəfələrlə absurd səbəblər göstərərək istintaqçıların vəsatətlərini rədd ediblər. Məsələn, hakimlərdən biri istintaqın təqdim etdiyi sənədin surətində yazılanların çətin oxunduğunu əsas gətirərək bank sənədlərinə çıxışa icazə verməyib.

Yanukoviç və oğlu Aleksandr

Yanukoviç klanının pullarını nə vaxtsa Ukraynaya qaytarmaq ehtimalı həm də o səbəbdən zəifdir ki, bloklanmış hesablardakı pullar getdikcə azalır. Məsələ bundadır ki, pulların sahiblərinin vəkil xərclərini bu vəsaitlə ödəmək hüququ var. Viktor Yanukoviç oğlu Aleksandrla birlikdə bu baxımdan səxavətli davranırlar. Ataoğul britaniyalı vəkillərinə böyük pullar ödəyirlər. Mətbuat üzə çıxarıb ki, bu vəkillərə bir saat üçün 1500 funt xidmət haqqı ödənilir.

Qərb mətbuatı adı sanksiya siyahısına düşən oliqarx Sergey Kurçenko və keçmiş deputat Aleksey Azarovun (Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun oğlu) nəzarətində olan bizneslə bağlı dəfələrlə yazıb. Araşdırma yazılarından məlum olur ki, Kurçenkoyla Azarov Hollandiya və Avstriyadakı offşor şirkətlərdən istifadə etməklə öz adlarını gizli saxlayıblar.