"Qaz şahzadəsi", qiymət artımını "soyqrımı" adlandıran Tetçer heyranı...


Digərləri 09 Mar 2019 20:15:00 212 0

"Qaz şahzadəsi", qiymət artımını "soyqrımı" adlandıran Tetçer heyranı...

Yuliya Timoşenko iki dəfə Ukraynanın baş naziri və inqilabın qlobal siması olub, iki fərqli prezident tərəfindən həbs edilib və prezident Donald Trampın sabiq menecerinin təşkilatçılığı ilə ləkələmə kampaniyasının hədəfinə çevrilib.

İndi 58 yaşlı, alovlu çıxışları və bir zamanlar kəndçi saç düzümü ilə tanınan qadın 31 martda keçiriləcək seçkidə köhnə rəqibi Petro Poroşenkonun kürəyini yerə vurmağa ümid edir.

Son.az strateq.az-a istinadən bildirir ki, onun kampaniyası çətin bir balanslaşdırma aktdır, perspektivli islahatlar və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı, eyni zamanda, qazın bahalaşmasının qarşısını almağı vəd edir. BVF isə əksinə, daha çox kredit üçün məhz sonuncunu - bahalaşdırmanı əsas şərt kimi irəli sürüb.

Kremlin dəstəklədiyi lideri devirmiş, ölkəni Qərb və Rusiya ilə qanlı qarşıdurma yönünə döndərmiş Maydan etiraz nümayişlərindən beş il sonra bu qadının Ukraynaya rəhbərlik etmək şansı var.

Timoşenko orta və yuxarı yaşlı seçicilər arasında məşhurdur və qalib gəldiyi təqdirdə, pensiyaları üçqat artırmağı vəd edir. Ancaq hazırda Poroşenko ilə məzhəkəçi Volodimir Zelenski ilə eyni meydançada yarışır.

Onun ritorikası kəskin ola bilər. O, qaz qiymətlərinin artımını "soyqırımı" adlandırır. Tənqidçilər onu populist adlandırırlar. Timoşenko bunu "Poroşenkonun korrupsiyalaşmış mafiyası"nın yarlığı hesab edir.

Onun fikrincə, rəqiblər "ciddi və nüfuzlu opponentlərlə mübarizədə qara ifadələrdən istifadə edir və buna görə də, mənə "populist" damğası vururlar".

Bir çox investor Poroşenkonun Ukraynanın Donbas bölgəsində Kremlin dəstəklədiyi separatçılarla müharibə apara-apara BVF proqramına əməl etməsindən təsəlli tapır.

Timoşenko baş nazir vəzifəsində olarkən, BVF ilə çalışma təcrübəsini göstərir, amma mövcud tənzimləmə şərtlərinin təsirsiz olduğunu söyləyir.

"Prezident seçkisindən sonra bu vəziyyəti düzəltmək üçün BVF ilə konstruktiv dialoqa başlamaq istəyirik, birgə əməkdaşlığımızı Ukrayna və ukraynalı vətəndaşların iqtisadi rifahı naminə hiss olunacaq nəticələrə gətirəcəyik".

Sıravi insanların "bütün gəlirləri hədsiz, əsassız olaraq yüksək qaz qiymətləri ilə silinir, bu, Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün pulun qalmaması anlamına gəlir".

Rusiyaya gəlincə, Timoşenko düşünür ki, Minsk sülh danışıqlarının şərtlərinə riayət olunmalıdır, lakin bu, Donbasda qan tökülməsinə son qoymayıb. O, həmçinin ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ilə birlikdə daha geniş danışıqlara çağırıb.

1990-cı illərin əvvəlində əsas enerji şirkətinin rəhbəri olan Timoşenko "qaz şahzadəsi" kimi tanınıb. Kremlin dostu Viktor Yanukoviçə asilik edərək o, Ukraynanın 2004-2005-ci illər "narıncı inqilab"ı dövründə dünyanın diqqətini özünə çəkib.