“Buşun” qizi, varis şahzadənin “sirr küpü”…


Digərləri 09 Mar 2019 19:45:00 269 0

“Buşun” qizi, varis şahzadənin “sirr küpü”…

Ötən il ölkəsinin qadınlarına silahlı qüvvələrdə təmsil olunmaq, sürücülük vəsiqəsi almaq, notariat fəaliyyətilə məşğul olmaq, futbol oyunlarını stadionda izləmək hüququ verən Səudiyyə hökuməti son qərarı ilə də təəccübləndirdi. Krallığın tarixində ilk dəfə olaraq yüksək diplomatik post qadına həvalə olundu. Rima bint Bəndər bin Sultan varis şahzadə Məhəmməd bin Salmanın qərarı ilə Səudiyyənin Birləşmiş Ştatlardakı 11-ci səfiri təyin edildi. Bu arada, qərarnamənin şahzadə tərəfindən yayılmasına səbəb həmin vaxt kral Salmanın xaricdə səfərdə olması idi.

Son.az strateq.az-a istinadən bildirir ki, kral ailəsindən olan şahzadə Rima 1975-ci ildə Səudiyyənin paytaxtı Ər-Riyadda dünyaya göz açıb. Atası Bəndər bin Sultan Səudiyyə krallığının əsasını qoyan, ölkənin birinci kralı olan Əbdül-Əziz ibn Əbdürrəhman Əl Səudun nəvələrindəndir.

Bəndər bin Sultan 22 il ABŞ-da səfir postunu tutub. Rima da təbii olaraq uzun müddət okeanın o tayında yaşayıb və ali təhsilini də orada alıb. O, 1999-cu ildə Vaşinqtondakı Corc Vaşinqton Universitetinin muzey araşdırmaları (tarixi irsin qorunması) bölümündən məzun olub.

2005-ci ildə Ər-Riyada qayıdan şahzadə idman sahəsinə ciddi diqqət ayırmağa başlayıb. Təhsil Nazirliyi ilə birlikdə məktəblərdə qız uşaqlarına idman dərsinin tədrisi və qadınların idman yarışlarına qatılmasına yönəlik təşəbbüslərə imza atıb. Bu təşəbbüslərinə görə xalqın təqdirini, həmçinin "İdman yaradıcılığı" mükafatını qazanıb.

Daha sonra "Yibreen" idman və SPA kompleksi qurub və paralel olaraq bir neçə iri şirkətin icraçı direktoru olub. 2013-cü ildə özünün yeni brendini - "Baraboux" lüks klass çantalarını təqdim edərək kreativ direktor vəzifəsini tutub.

Şahzadə krallıqda da rəhbər vəzifələrdə çalışıb. O, varis şahzadənin ofisində məsləhətçi, Planlaşdırma və inkişaf nazirliyində müavin olub. Eyni zamanda "Qadınlar idmanda" Beynəlxalq Olimpiya Komitəsinin və Səudiyyə Olimpiya Komitəsinin üzvüdür.

Rima bint Bəndərin təşəbbüsü ilə başladılan 10KSA kampaniyası çərçivəsində krallıqdan olan 10 min qadın süd vəzi xərçənginə qarşı mübarizəyə səfərbər olunub. Sonradan bu kampaniya "Ginnesin Rekordlar kitabı"na da düşüb. Yeri gəlmişkən, Səudiyyədə 20-59 yaş arası xərçəngdən dünyasını dəyişən qadınların əksəriyyətinin süd vəzinin şiş mənşəli xəstəliklərindən əziyyət çəkdiyi deyilir.

Şahzadə bir müddət Dünya Bankının "Women Entrepreneurs Finance Initiative" layihəsində məsləhət şurasının üzvü olub. Eyni zamanda moda sahəsi üzrə nəhəng milli pərakəndə satış şirkəti olan "Alpha International Limited"də direktor vəzifəsini tutub.

Rima Səudiyyə qadınlarının təhsil almaq imkanlarının artması istiqamətində də çox iş görüb. 2014-cü ildə "Forbes" onu "Dünyanın 200 nüfuzlu ərəb qadını" siyahısına daxil edib. Həmin il şahzadənin adı "Fast Company" jurnalının tərtib etdiyi "Ən yaradıcı insanlar" siyahısına da düşüb.

Bu il fevralın 23-də Səudiyyə rəhbərliyi şahzadəni krallığın ABŞ-dakı səfiri təyin etdi. Bu təyinatdan əvvəl Rima Baş İdman Federasiyasında müavin vəzifəsini tuturdu.