Ərini ürəyindən vuran Vüsalənin ifadəsi: "13 ildir evli idik, uşağımız olmurdu..."


Kriminal 09 Mar 2019 16:51:00 190 0

Ərini ürəyindən vuran Vüsalənin ifadəsi: "13 ildir evli idik, uşağımız olmurdu..."

Xaçmazda həyat yoldaşını öldürən Vüsalənin məhkəməsi keçirilib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Vüsalə Mirzəyeva ilə qeyri-rəsmi ər-arvad münasitində yaşadığı Maarif Osmanov arasında qısqanclıq zəminində dəfələrlə mübahisə olub. Sonuncu dəfə Maarif Osmanov ondan mobil telefonunu alıb. Buna görə də aralarında yenidən mübahisə başlayıb. İttihama görə, Vüsalə mətbəx bıçağını götürərək onun arxasınca qaçıb və həyətdə onun ürək nahiyəsindən bir zərbə vurub. Osmanov aldığı xəsarətdən hadisə yerində keçinib.

Vüsalə Mirzəyeva elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Deyib ki, Maarif Osmanovu öldürmək niyyəti olmayıb. Vüsalə daha sonra sərbəst ifadə verib:

"Qayınanam evə gəldi. Yenə söz-söhbət başladı. Biz 13 il idi ki, evli idik. Uşağımız olmurdu, mən müalicə də alırdım. Həmin gün mən qayınanamla mübahisə elədim. Əsəbiləşib mətbəxdən bıçaq götürdüm. Çünki artıq bezmişdim. Özümə qəsd etmək istəyirdim. Sonra Maarif araya keçdi. Bıçaq əlimdə olanda itələşməyə başladıq. Bu zaman bıçaq ona dəydi. İttihamda düz yazılmayıb, mən onun arxasınca qaçmamışam, bilərəkdən vurmamışam".

Suallara cavab verən Vüsalə Mirzəyeva daha əvvəl də həyat yoldaşı ilə mübahisə etdiyini deyib. O, aralarında olan mübahisə zamanı ilk dəfə bıçağa əl atdığını bildirib.

Vüsalə Mirzəyeva hadisədən əvvəl bir neçə dəfə evdən çıxıb və rəfiqəsigilin evinə getməsinə də aydınlıq gətirib: "Söz-söhbət olanda çıxıb getmişəm. Sonra da evə qayıtmışam. Gedəndə də demişəm".

O, bir neçə dəfə Bakıya gəldiyini, həm kirayədə, həm də əmisi oğlunun evində qaldığını deyib.

Məhkəmə Vüsalədən telefonunun hansı səbəbdən əlindən alınması ilə bağlı məsələyə də aydınlıq gətirməsini istəyib. Telefonunda hər hansı bir şəxslə danışığının olub-olmaması soruşulub.

Vüsalə telefonunda heç bir məlumatın olmadığını və mübahisənin məhz telefona görə olmadığını deyib.

Prokuror isə xatırladıb ki, Vüsalə hadisəni törətdikdən sonra öz telefonunu və mərhumun telefonunu da götürərək bacısına verib.