Blokçeyn texnologiyaları üçün xərclər 90 faiz artacaq


Digərləri 09 Mar 2019 08:21:00 214 0

Blokçeyn texnologiyaları üçün xərclər 90 faiz artacaq

"International Data Corporation" (IDC) analitik şirkəti dünya blokçeyn texnologiyaları bazarı üzrə tədqiqatın nəticələrini dərc edib.

Son.az ICTnews-a istinadən bildirir ki, 2019-cu ildə qlobal miqyasda belə həllər üçün xərclər 2018-ci illə müqayisədə 88,7 faiz artaraq 2,9 milyard dollar təşkil edəcək. Gələcəkdə isə bazarın illik artım həcminin təxminən 76 faiz yüksələrək 2022-ci ildə 12,4 milyard dollara çatacağı gözlənilir.

Bu il iri blokçeyn sərmayədarı kimi ABŞ çıxış edəcək. Burada texnologiya üçün xərclər 2019-cu ilin yekunları üzrə 1,1 milyard dollara bərabər olacaq. İkinci böyük töhfəni Qərbi Avropa ölkələri (674 milyon dollar) verəcəklər. Sonrakı pillədə Çin (319 milyon dollar) qərarlaşacaq.

Bazarda ən sürətli xərc artımı Yaponiya və Kanada tərəfindən gözlənilir - 2018-2022-ci illərdə müvafiq olaraq 110 və 90 faiz.

Sahələr arasında daha böyük sərmayə qoyuluşları əsasən blokçeynin bank sənayesi və sığortaya sürətli tətbiqi sayəsində maliyyə sektorunda (1,1 milyard dollar) proqnozlaşdırılır.